Yanvarın 15-da respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin Xocalı şəhərinə köç karvanı yola salınıb. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalı şəhərinə 25 nəfərdən ibarət 6 ailə, Ballıca kəndinə isə 102 nəfərdən ibarət 20 ailənin növbəti köçü baş tutub.
Teleqraf.com xəbər verir ki, Ağdamdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır. Otuz ildən coxdur ki, işığı sönmüş evlərdə çıraqlar yanır, gülüş səsləri eşidilir. Bugünədək Xocalı şəhərində 46 ailənin daimi məskunlaşması təmin edilib. Ötən ildən etibarən Xocalının Ballıca kəndinə də köç başlayıb. “Bununla üçüncü dəfədir ki, bu kənddə köç həyata kecirilir. İndiyədək Ballıca kəndinə ümumilikdə 68, Xocalı şəhərinə isə 52 ailə köçürülüb”. Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına köç prosesi 2025-ci ildə də mərhələli şəkildə davam edirilicək. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra həsrətinə son qoyulub. Doğma yurda qayıdan Xocalı şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
***
12:27
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə yola salınıb.
Teleqraf.com xəbər verir ki, bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülür. Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən artıq insan yaşayır.