22 İyun 2022 11:37
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrinin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub. Cari ilin ilk 5 ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb”.

Teleqraf.com xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən müddətdə dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib: “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb”.

Nazir vurğulayıb ki, bu dövrdə icmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artıb. İcmal büdcə cari ilin 5 ayı üçün 2 milyard 179 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 9 milyon manat profisit yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin, dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrin maliyyələşdirilməsi məqsədi ilə xərclərin artırılmasına dair tapşırıqlar da verilib. Buna uyğun olaraq 2022-ci ilin dövlət və icmal büdcələrində dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb".

Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5, 5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Qeyd olunur ki, 2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat məbləğində nəzərdə tutulur. Bu da ilin sonuna gözlənilən Ümumi Daxili Məhsulun 2,7 faiz səviyyəsində olmaqla, təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz azdır.

Samir Şərifov əlavə edib ki, yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin xərcləri isə 35 milyard 541 milyon manata çatdırılacaq. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunub. Dəyişiklikdən sonra 1 milyard 120 milyon manat məbləğində profisitlə əvəzlənir.


Müəllif: Nemət