26 İyul 09:05
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakla bağlı Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin siyahısında hər hansı bir dəyişiklik olmayacaq. Sadəcə olaraq bir nəfər Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının üzvü olduğuna görə, onun qızı Maniyeva Aygün YAP-ın sıyahısından çıxarılıb. Bundan başqa YAP namizədləri siyahısında dəyişiklik gözlənilmir.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

“Partiyanın namizədləri irəli sürülüb. Artıq onların sənədləri Dairə Seçki Komissiyalarına təqdim edilib. Bir çoxları artıq imza vərəqlərini götürüb, imza toplamağa başlayıb. Bunun üçün partiyanın səlahiyyətli nümayəndələri bütün dairələr üzrə onları təqdim edib. İmzatoplama prosesi də qısa müddətdə yekunlaşacaq”, - deyə o qeyd edib.

Siyavuş Novruzov partiyanın sabiq deputatların övladları və keçmiş məmurların namizədliyini irəli sürməsi ətrafında yayılan fikirlərə də münasibət bildirib:

“Dünyanın istənilən yerində belə bir təcrübə var. Qardaş Türkiyədə, Böyük Britaniyada, ABŞ-də bununla bağlı yetərincə nümunə mövcuddur. Bu, seçki məsələsidir. Həmin şəxslərlə bağlı qərarı seçiciləri verir. Bu günlərdə Almaniya kansleri Olaf Şolz elan etdi ki, növbəti dəfə namizədliyini irəli sürəcək. Amma bununla bağlı kimsə heç nə demir”.

YAP təmsilçisi hesab edir ki, parlamentə seçilən insan təcrübəli olmalıdır:

“Seçicilərlə dövlət arasında münasibətlərin qurulması, seçicinin problemlərinin həlli, beynəlxalq arenada təmsilçilik və digər məsələlərdə böyük səriştə tələb olunur. Bunun üçün hansısa xarici dili bilməklə iş bitmir. Bu gün internetdən beş söz öyrənib özlərini bilgili sayan adamlar var. Elə bilirlər hər şey haqqında məlumatlıdır. Deputat olmaq istəyən şəxs təcrübə ilə yanaşı dövlətin tarixini, siyasi sistemi dərindən bilməlidir. Sözsüz ki, yeni parlamentdə də kifayət qədər dəyişiklik gözlənilir. YAP-ın irəli sürdüyü namizədlər sırasında da bu aydın görünür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər