Hədə-qorxu vasitəsi kimi təhlükəli üsuldan istifadə edən Elgün Ocaqverdiyevin məhkəmə araşdırması başa çatıb.
Teleqraf.com xəbər verir ki, 19 yaşlı Elgün hədə-qorxu ilə tələbetmə ilə yanaşı, soyğunçuluqda və qanunsuz soyuq silah saxlamaqda da ittiham edilib.
Elgünə hədə-qorxu ilə tələbetmə ittihamı ona görə verilib ki, o, tanışı Qulamın keçmiş kürəkəni Valehə 14 il əvvəl borc verdiyi, hələ də ala bilmədiyi 30 min dollar pulu öz bildiyi formada geri qaytaracağına söz verib. Pulu ala biləcəyi halda ona “hörmət” ediləcəkmiş.
İstintaq materiallarında yazılıb ki, Elgün hədə-qorxu gəlmək üçün Valehin yaşadığı evin qarşısına gələrək içərisində 1 ədəd təlim əl qumbarası və 1 ədəd saplağı qırılmış qərənfil gülü olan bağlamanı qapının ağzına qoyub.
Evdən uzaqlaşdıqdan sonra isə Valeh zəng edib, keçmiş kürəkənə borcunu qaytarmayacağı halda ailə üzvlərinin həyatına son qoyacağını deyib.
Xəbərdarlıq edib ki, bundan nəticə çıxarmasa, yaxın vaxtlarda evinə daha bir təhlükəli bağlama göndərəcək.
Elgün Ocaqverdiyev saxlanıldıqdan sonra onun başqa bir şəxsə qarşı soyğunçuluq etdiyi də məlum olub. Həmin əmələ görə də ona əlavə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub. Hökmə əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.