26 İyul 21:48
4 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbulda bukinistdən bir kitab aldım.
Müəllif: Aras Elmas. Kitabın adı: “Yıkılan adam”.

Kitabın üzərində tarix olmasa da, müəllifin imza qisminin qarşısında 1982-ci il yazılıb. Mənbələrdə 1981-də çıxdığı bildirilib. Cəmi 16 səhifə olan kitabda 15 şeir toplanıb.

Müəllif mühacir şair Almas İldırımın oğludur.

22 mart 1937-ci ildə Elazığın Keban qəsəbəsində doğulub, 13 avqust 1993-cü ildə vəfat edib.

Bu kitabından daha əvvəl iki şeir kitabı da işıq üzü görüb: “Faşizmi lənətləyirəm” (1976), “Xalqı sevmək ibadətdir” (1980). Bu kitablar mağazalardan yığışdırılıb. Eynilə atasının “Dağlar səslənirkən” adlı ilk kitabı kimi. Vaxtilə atası ona “Arazla dərdləşmə” şeirini ithaf etmişdi.

“Selam olsun” adında son kitabı da vardır.

Atası kimi onun da başına min bir müsibət gəlmişdi. 1980-ci ildəki hərbi çevrilişdən sonra həbs olunan yüzlərlə insan arasında o da vardı. On bir ay İstanbul yaxınlığındakı Səlimiyyə hərbi həbsxanasında saxlanılmışdı.
Ömrünün sonlarında xəstəlikdən əziyyət çəkmişdi. Bakıda müalicə olunurdu. Qarabağ savaşının ağır günləri idi. Sanatoriyada ona yoluxan tədqiqatçı Nazif Ələkbərliyə belə demişdi: “Azərbaycan erməninin əhədini kəsəcək. Onun gücü soyundan, kökündən gəlmədir”.

Təəssüf ki, bugünkü məsud günləri görmədi Aras bəy. Bakıda da vəfat etdi, burada da dəfn olundu. Şairin şair oğlu kimi atasının bioqrafiyasında yer aldı.

Bülent Ecevitin görüşlərini müdafiə edirdi. Vergi idarəsində maliyyəçi olaraq çalışmışdı. Mücadiləçi idi, amma şeirlərində aşırı pessimizm vardı.

Əvvəlki iki kitabını hələ ki əldə edə bilməmişik. İmzalı əldə etdiyimiz nüsxədəki kitaba ad olaraq seçilən ilk şeir belədir:

Yıxılan adam

Nə düşmən qurşunu, nə dost sitəmi
Bu qara torpağa sərəməz məni.
Lakin bir tək sözün, nazlı baxışın,
Qalxmamaq üzərə yıxıyor məni.
Mən səni sevməklə zatən dəliyəm,
Bu qara sevdayla nə etməliyəm
Nə səndə vəfa var, nə də məndə güc
Ya səni, ya məni tərk etməliyəm.
Bütün meyxanələrə oldum abunə
Eşqinlə sərxoşam, içki bəhanə
Yıxılmaz derlərdi dostlarım mənə
Yerlərdə paspasam yıxılmaq da nə?

Kitabdakı digər şeirləri birnəfəsə oxudum. Həqiqətən də, Aras Elmas sevgidən yıxılan adamdı...


Müəllif: Dilqəm Əhməd