26 İyul 14:47
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın son dövrlər Kəlbəcər və Tovuz istiqamətində hərbi təxribatları onların heç də sülh tərəfdarı olmadıqlarını sübut edir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinə hərbi təxribatlara son qoymaqla bağlı xəbərdarlıq edib. Görünən odur ki, Ermənistan bu xəbərdarlıqlardan dərs çıxarmaq istəmir. Bu səbəbdən onlarla daha sərt danışmaq lazım olacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Fransadan, Hindistandan, Yunanıstandan Ermənistana verilən silahlar, Avropa İttifaqının 10 milyon avroluq hərbi yardımı, görünür, erməni tərəfini bir az həvəsləndirib:

“Amma onlar bir reallığı başa düşməlidirlər ki, Azərbaycanda “Dəmir Yumruq” həmişə yerindədir. Vətən Müharibəsindən öncə də onlar Ermənistan ordusunun “qabiliyyətindən” danışırdılar. Amma qısa zamanda Azərbaycan Ordusu qarşısında ermənilərin həmin o xəyali ordusunun necə aciz duruma düşdüyünü hər kəs gördü”.

Komitə sədri hesab edir ki, Ermənistanın normal yaşayışı Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasından asılıdır:

“Ermənistan bütün bunların əksinə olaraq təxribatlarla məşğul olacaqsa, Azərbaycanın da səbrinin həddi var. Təxribatlar davam edəcəksə, onlar çox ciddi zərbə alacaqlar. Bu halda isə Ermənistana heç kim kömək etməyəcək. Hazırda erməniləri ABŞ, Fransa və digər yerlərdən qızışdırıb, onlardan öz məqsədləri üçün istifadə edirlər. Amerikada və Fransadakı seçkilərdən sonra ermənilər yada da düşməyəcək”.

Ziyafət Əsgərova görə, Ermənistan sülhdən danışa-danışa silahlanırsa, bu məntiqi anlamaq olmur:

“Fransa bu gün sülhə xidmət edən Olimpiya oyunlarına ev sahibliyi etsə də, digər tərəfdən Ermənistanı silahlandırmaqla məşğuldur. Bu, indiki şəraitdə sülh porosesinə ciddi zərbədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər