"Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur".
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova deyib.
Onun sözlərinə görə, buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər:
"Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil".