2 İyun 2023 16:35
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyinin “Qlavqosstroyekspertiza” Respublika Unitar Müəssisəsinin (РУП “Главгосстройэкспертиза”) direktoru Viktor Petruşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlarla görüşən Agentliyin rəis müavini Elxan Əsədov respublikamızda tikinti sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb, uyğun qurumlar arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Görüşdə Agentliyin fəaliyyəti və strukturu, ölkəmizdəki şəhərsalma və tikinti qanunvericiliyi, tikinti layihələrinin ekspertizası prosedurları barədə ətraflı məlumat verilib. Qonaqlara, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış müxtəlif proqram təminatı məhsulları təqdim olunub.

Belaruslu nümayəndə heyətinin rəhbəri, “Qlavqosstroyekspertiza” Respublika Unitar Müəssisəsinin direktoru Viktor Petruşa rəhbərlik etdiyi qurumun fəaliyyəti, Belarus Respublikasında tikinti layihələrinin ekspertizasının xüsusiyyətləri, tikintiyə dair mövcud qaydalar barədə danışıb.

Görüşdə hər iki respublikanın müvafiq ekspertiza müəssisələri arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruri olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonra qonaqlar Agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində yaradılmış iş şəraiti və tikinti layihələrinin ekspertizası ilə əyani tanış olublar.

Bundan əlavə, belaruslu qonaqlar tikinti sahəsinə baş çəkərək aparılan inşaat işləri və bununla bağlı məsələlərlə yerində tanış olublar.


Müəllif: Teleqraf.com