Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 83 yanğına çıxış, 17 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 7 nəfər və Goranboy rayonunin Səfikürd kəndində baş vermiş avtoqəza nəticəsində nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 5 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.