Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.
Teleqraf.com-un məlumatına görə, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edir.
Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.
Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.
Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.
Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasına tövsiyə edilməsi gözlənilir.