29 Noyabr 2023 13:26
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək bu tarixi zəfərlə Azərbaycan xalqı torpaqların əsl sahibinin kim olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Bundan sonra bizim qarşımızda böyük çağırışlar dayanır. Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlarımıza yenidən həyatı qaytarmaqdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmini göstərməkdədir. Lakin Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması bugün hələ də ən böyük təhdidlərdən biridir və buda keçmiş məcburi köçkünlərimizin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Burada əsas məqsəd doğma Qarabağımızda dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq və bununla da, bölgədə sülhün bərqərar olmasına imkan verməməkdir.

Millət vəkilinin sözlərinə görə, dövlətimiz tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür: “Bu prosesə cəlb olunan şəxslər həqiqətən də qəhrəman, fədakar və qorxmaz insanlardır. Çünki onlar doğma Qarabağımızın və Şərqi Zəngəzurun mina terrorundan təmizlənməsi üçün öz canlarını təhlükəyə atırlar. Onlar hər an ölümlə üz-üzədirlər. Belə qəhrəmanlar arasında qadınlarımızın da olması məni çox sevindirir və qürurlandırır. Qadın zərif insan, ana olmaqla yanaşı həm də vətəndaşdır. Vətənin xoşbəxt gələcəyi həm də qadınlarımızın çiyinləri üzərindədir. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın əməyi görünməsin. Milli-mənəvi dəyərləri zəngin olan Azərbaycan qadınları Vətən qarşısında vəzifə borclarını da ləyaqətlə yerinə yetirirlər. Bu mənada, qadınlarımızın minatəmizləmə işlərində iştirakını doğma Vətənə böyük və şərəfli xidmət kimi dəyərləndirirəm və onların bugünkü fədakar fəaliyyətlərini ürəkdən alqışlayıram, onlarla qürur duyuram”.

Fatma Yıldırım qeyd edib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir və əsasən ölkəmizin daxili resursları hesabına aparılır. Biz işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyirik. Hesab edirəm beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Ermənistanın bu cinayətkar əməllərini pisləməlidirlər. Çünki bu təkcə insan həyatına deyil, eyni zamanda bütün bəşəriyyətə aid olan ekologiyaya dəymiş ciddi ziyandır. Mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq, minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq vacibdir və bu sahədə müvafiq beynəlxalq təşkilatlar ciddi dəstək verməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər