Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.
Teleqraf.com verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5 yaş;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;
Qüvvədə olan qanuna əsasən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt də dəyişir.
Bu, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.
Layihəyə əsasən, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.
Layihəyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) yuxarıda nəzərdə tutulmuş müddətlərə daxil edilməyəcək.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır.
Bu, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə qeyd edilib ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.