Ötən ilin dekabrında Laçında, Həkəri çayının sahilində kompost istehsalına başlanılıb.
Teleqraf.com xəbər verir ki, müxtəlif tullantılardan hazırlanan orqanik gübrənin - kompostun əldə edilməsi məqsədilə sözügedən ərazidə müxtəlif həcmli iki avadanlıq quraşdırılıb.
Sənaye komposterlərinin istifadə qaydası çox asandır. Çürümüş meyvə, xarab olmuş tərəvəz qalıqları, saman və başqa tullantılar avadanlığa atılır. Tullantılar aparatda doğranır və kompost istehsalına başlanılır. Proses bir gün ərzində tamamlanır və növbəti gün hazır məhsul əldə etmiş olursunuz. Diqqət edilməli məqam isə komposterə yağ, sümük, çiy ət kimi məhsulların atılmamasıdır.
Qeyd etmək lazımdır ki, kompost aparatları təkcə Laçında quraşdırılmayıb, bir neçə kiçik komposter Bakıdakı müxtəlif iaşə obyektlərinə və ailələrə də təqdim olunub. Kompostun digər gübrələrdən fərqi onun tam təbii və olduqca effektiv olmasıdır. Ağacların, bitkilərin köklərini yandırmaması üçün istifadə zamanı kompost torpaqla qarışdırılır.
Bundan başqa, Laçında həm su sərfiyyatı, həm də əkinçilikdə innovasiya kimi istifadə edilən akvaponika üsulu ilə balıqların yaşadığı, onlar üçün artıq çirklənmiş hesab edilən su bitkilərə ötürülür, təmizləndikdən sonra yenidən balıqların ixtiyarına verilir.
“Sıfır tullantı” yanaşması ilə yenidən qurulan Laçında belə aparatların istifadəsi nümunəvidir. Bu, təmizliyə, tullantılardan düzgün istifadəyə, sakinlərin və qonaqların fərqli mədəni vərdişlərinin formalaşmasına töhfə verir. Qazon kəsintisinin belə zibil hesab edilmədiyi Laçında mebel zavodunun tullantılarından da ekoloji odun düzəldilir. Sözügedən innovasiyaların tətbiqi və laçınlıların birgə səyi onun təmiz şəhərlər sırasında yer almağına şərait yaradır.