Dağa çıxmaq bir seansdı, onun təsiri bəzən bir anda, bəzən də yavaş-yavaş, tədriclə cana, şüura damır. Bir sözlə, dağ ziyarəti bir katarsis əməliyyatıdı, elə deyilmi? Bəli.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyiylə Türkiyə Turizm Təbliği və İnkişaf Agentliyinin birgə təşkilatçılığı əsasında yığcam bir jurnalist qrupunun Bursa bölgəsindəki Uludağa 8-11 fevral arası dördgünlük səfərində emosional qat bundan ibarətiydi.
Şanlı keçmişə sahib Bursa şəhərindən təxminən 35-40 kilometr avtomobil yolu məsafəsində yerləşən Uludağ zirvəsinə, səfərimizin dayaq ünvanını bir az da dəqiqləşdirsək, Uludağ Xizək Mərkəzinə səyahət adama qədim şəhərlə uca zirvənin bir proqrama sığışdırılmış nadir kombinasiyasını xatırladırdı.
Xizək Mərkəzində müasir otellər, qar üzərində əyləncə növləri, hətta açıq havada isti hovuz, Bursada isə Osmanlı fatehlərinin türbələri, 15-ci əsrdən qorunub saxlanan Osmanlı hamamı və 1396-1400-cı illərdə inşa olunmuş Ulu məscidi... Qəribə bir kontrast...
İstər əcnəbi olsun, istər yerli, bütün hallarda, keçmişlə indinin bu sayaq yanaşı ömür sürməsi dünyanın tamaşasına duran insanda dərin iz buraxmaya bilməz.
Türkiyənin turizm iddiaları
Turizmin Türkiyə iqtisadiyyatında əsas sütunlardan biri olduğunu söyləməklə yeni bir şey kəşf etmədiyimizi anlayırıq. Hazırda ölkə iqtisadiyyatını canlandırmaqdan ötrü bu sahədə yeni prioritetlərin müəyyənləşdirilməsi əsas vəzifələrdən biridir.
Təsadüfi deyil ki, Türkiyə 2024-cü ilə qədər 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyir.
Ölkə 2023-cü ildə illik 10 faiz artımla 56,7 milyon beynəlxalq ziyarətçini qəbul edib.
2023-cü ildə ölkənin turizm gəliri illik müqayisədə 17 faiz artaraq 54,3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb.
Türkiyə 2024-cü ildə yeni hədəf bazarlara fokuslanaraq cari strateji bazarlarda fəaliyyətini davam etdirəcək.
Səyahətimizin əhəmiyyətli məqamında bələdçimiz Arzu Toramandan “Əcnəbi turistləri Türkiyəyə çəkən hansı xüsusiyyətlərdi” deyib soruşacaqdıq. Hərçənd bu suala cavabı internet resuslarında, reklam bukletlərində və müxtəlif tanıtım platformalarında da axtara bilərdik. Amma ən gözəl, ən dəqiq mənbə insan özüdü, o, düzüb qoşduğundan, əlbəttə, öndədir və önəmlidir.
Qəfil sualın spontan cavabı olur.
Arzu xanım Türkiyə turuzminin üç əsas cazibə faktorunu qeyd edir: təbiət, yerli mətbəx və tarixi abidələr.
Gəzinti zamanı “üçlüy”ün hər birinin təsir dairəsinə düşdük...
Səfər xronikası
Yeni İstanbul Hava Limanından Bursaya bu meqapolisi görmədən və şəhərə girmədən - Osmanlı imperiyasının banisi I Osman Qazinin adını daşıyan və 2016-cı ildə istifadəyə verilmiş körpünü keçməklə gəldik.
Axşamın qaranlığında qarlı dağ zirvələri göründükcə bir başqa dünya varmış duyğusuna qapılmamaq mümkün deyildi. Səyahət boyu bizi daim qayğıyla izləyən, dinləyən, məlumatlandıran, hətta proqramda dəyişiklik edən bələdçimiz Arzu Toraman bizi – bu sətirlərin müəllifini və “Bayraqdar.info” saytının baş redaktor müavini Nadir Azərini – gözləyirdi.
Ertəsi günün gəzintiləri haqda birgə məsləhətləşmə apardıq və Arzu xanım daha bir jurnalistin, Səudiyyə Ərəbistanından gələn, daha doğrusu, gəlməli olan Rəşid Şahransadın xanımıyla bizə qoşulacağını bildirdi.
Fevralın 9-da səhər tezdən otelin pəncərəsindən dağ yamacında xizək sürən qonaqlara tamaşa edib aşağı endik. Səyahət başlayırdı.
Qərbi Anadolunun ən hündür dağı olan Uludağ, artıq qeyd etdiyimiz kimi, Bursa şəhərinin başı üzərindədir. Zirvəsinin – Qara təpənin hündürlüyü 2543 metrdir.
Uludağdakı 27 mehmanxanada ticarət zalları, restoranlar, kafe və barlar, əyləncə obyektləri və sağlamlıq mərkəzləri var. Xizək avadanlıqları icarəyə verilir, turistlərə təlimatçılar yardım göstərir. Xizək Mərkəzində heli-xizək, snoubord, buz konkisi və qar velosipedi üçün treklər də mövcuddu.
Osmanlı dövründə "Keşiş Dağı" adlandırılan Uludağ hazırda Türkiyənin ən çox ziyarət edilən turizm məskənidir. Həmçinin qış idman növünün mərkəzi hesab olunur.
Kanatla və təlimatçının müşayiətiylə zirvəyə qalxıb ordan xizəkdə aşağı enməyi daha təhlükəsiz motorlu xizəklə gəzinti variantına dəyişməyi biz elə özümüz təklif etdik. Ərəb həmkarımız artıq bizimləydi, maraqlıydı ki, o, türkcə kəlmə də bilmirdi, ingiliscə isə əksinə, hərdən adama elə gəlirdi, ərəbcədən də yaxşı bilir. Fransızca da danışmağı bacarırdı.
Gediş-gəliş məsafəsi təxminən 2-3 kilometr olan qarlı dərə yolunu keçəsi motorlu xizəyin sükanına oturanda 5-6 xizəkdən ibarət karvan hələ yerindən tərpənməmiş təlimatçıya həyatımda ilk dəfə sükan arxasında oturduğumu, hər halda, deməliydim və dedim də.
O da yarızarafat “Hamı burda sükan arxasına ilk dəfə keçir” dedi, sonra ürək-dirək verdi: “Elə bil, uşaqlar oyuncaq araba sürürlər...”
Doğrudan, keyfli əyləncə oldu, sağ və sol əllərin altında olan qaz və əyləcdən ibarət idarəetmədə birincidən bol, ikincidən tək-tük hallarda istifadə elədim. Xizəyin belindən düşəndə təkcə mənim ayağımın baş barmağı zədələnmişdi – sükan arxasında yox, yolun o başında, geriyə dönməmiş şəkil çəkdirmək üçün buzlu qarın üstünə enib gəzişəndə büdrəmişdim. Xoşbəxtlikdən qorxulu bir şey yoxudu.
Səhəri gün Bursaya gedəcəkdik. “Panorama 1326 Bursa Fəth Muzeyi”ni, Osmanlı dövlətinin banisi Osman qazi, Bursanı fəth etmiş oğlu Orxan qazinin türbələrini, Ulu məscidini, qədim Osmanlı hamamını ziyarət də proqrama daxilidi.
Fatehlər şəhəri
Osmanlının ikinci paytaxtı olmuş Bursada bələdçimiz bizi 610 il öncə əkildiyi bildirilən nəhəng çinar ağacının budaqları altına gətirməmişdən öncə yolda avtobusun pəncərəsindən bir binanı göstərib deyəcəkdi: “Mustafa Kamal Atatürk ömrünün son illərində termal sularda müalicə almaq üçün bir müddət orada yaşayıb”.
Bursada zəngin və qədim bitki aləmi var. Ona bəzən “Yaşıl şəhər” də deyirlər.
“Panorama 1326 Bursa Fəth Muzeyi” 1326-cı ildə Osman qazinin oğlu Orxan qazinin hökmdarlığı zamanında Bursanın fəthi olunmasını canlandıran dünyanın ən böyük elektron muzeydi.
Muzey əməkdaşının sözlərinə görə, 15 sentyabr 2015-ci ildə başlanıb, 1 noyabr 2018-ci ildə tamamlanmış bu künbəzvari elektron muzeyin 8 rəssamından altısı türk, biri ukraynalı, biri isə azərbaycanlı Yaşar Zeynalovdu.
Muzeydən çıxdıqdan sonra yamaca, şəhərin daha qədim hissəsinə, ata-oğul Osmanlı padşahları Osman və Orxan qazilərin türbələrinə doğru yol alanda Bakıya az-çox bələd olan hər azərbaycanlının keçirə biləcəyi bir duyğunu yaşadım: Bura ki İçərişəhərə bənzəyir...
Günün sonunda “Karvansaray” otelində 15-ci əsrə aid Osmanlı hamamına baş çəkəcəkdik, onda bələdçimiz Arzu Toraman hamamın divar daşlarını göstərib deyəcəkdi: “Baxın, Bizans dövrünün izləridi...”
Qədimlik adamda həmişə xəfif də olsa qüssə doğurur.
Arzu xanım
Bütün gözəlliklərdə mütləq bir qadın iştirakçı olmalıdı. Bəzən sadə iştirakçı, bəzən əsas fiqur, bəzən tək və tam müəllif.
Səfər boyu bizi qayğıyla əhatə eləmiş Arzu Toraman adının bu yazıya minnətdarlıqla düşməsinə tam haqq elədi.
İzmir əsilli Arzu xanım İstanbul Universitetinin sənət tarixi fakültəsini bitirib. 18 ildi bələdçilik edir, yunan, ingilis və türk dillərində danışır. Hansı dildə danışır-danışsın, insanca danışır!
Bir ölkənin insandan böyük, insandan dəyərli sərvəti varmı? Yox!