“Azərbaycanın güneyi” layihəmizdə 7-ci yazı 1929-cu ilin avqust ayında Türkiyədə “Vakit” qəzetində çıxan məqalədir. Qara Şəmsi imzası ilə dərc olunan “İranda türk qətliamı” adlı məqalədə mühüm məlumatlar verilib.
Qeyd edək ki, 1926-cı ildə Rza xan Gülüstan sarayında özünə “Pəhləvi” ünvanını götürərək panfarsist siyasət həyata keçirməyə başlayıb, nəticədə bölgədə türklərə qarşı amansız təqiblərin əsası qoyulub. 1930-cu ildə farsca rəsmi dil elan edilib, coğrafiyadakı tarixi adlar ləğv olunub. Türk dili faktiki qadağan edilib. Nəticədə evlərində ana dilində danışan türk cocuqları məktəblərdə əziyyətlə qarşılaşıblar. Rza şah mərkəzi hökuməti gücləndirmək bəhanəsilə qaşqay türklərinin yaşadığı bölgələrə ordu göndərib, onların məhv edilməsinə çalışıb. Eyni zamanda yüksək vergilər tətbiq edərək saylarının azaldılmasına çalışıb. Tarixi yurdlarından zorla köç etdirilən qaşqaylar 1929-cu ildə bu vəziyyətə qarşı etiraz ediblər. Nəticədə bu dirəniş də qanlı şəkildə yatızdırılıb.
Təqdim etdiyimiz məqalənin müəllifi vaxtilə Tehranda yaşayıb, türk qətliamlarına da şahid olub. Bu baxımdan qaşqay dirənişinin baş verdiyi günlərdə yazılan bu məqalə tarix üçün önəmlidir. Digər tərəfdən nəzərə alsaq ki, gənc Türkiyə Cümhuriyyəti İranla münasibətlərini hamar saxlamaq istəyirdi, bu baxımdan etiraz və soydaşına yanğı dolu olan məqalə daha da qiymətli olur.
Yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Qara Şəmsi
İranda türk qətliamı
1909-cu ildə Tehrana getdiyim vaxt Osmanlı məhfillərində İrandakı türklüyə dair məlumat Azərbaycan qitəsi ilə münhəsirdi. İranda olduğum üç ildən çox müddət zərfində bu məmləkətdəki türklük kütləsinin zənn edildiyindən pək əhəmiyyətli olduğunu gördüm. Fəqət bu tədqiqatımı apararkən İran məşrutiyyət idarəçiliyinin türklüyə qarşı müəyyən qəsdinə, geniş bir hərəkətinə şahid oldum. İran tarixində islamiyyətdən əvvəl və sonrakı Türk-Turan cərəyanları haqqında təfsilata girişmək məqaləmin çərçivəsi xaricindədir. Amma bunu işarət etmək istəyərəm ki, Səfəvilər, Nadir şah və Qacarlar zamanında, bilxassə dörd əsrdir İranda daima hakim ünsür türklər olmuşdur. Ordu, məhkəmələr, hətta ticarət türklərin əlində idi. Ruslara, ingilislərə, əfqanlara, hətta Osmanlı türklərinə qarşı İranı mühafizə, müdafiə edən İran türkləridir. Şərq, şimal, cənub hüdudlarını qoruyan İran türkləri idi. Nadir şahın mühafizə qitələri bu gün də qismən Urmiya gölü tərəfində, qismən Sivas ilə Adana arasında dolaşan türk əfşar qəbilələri idilər. Nadir şahın Əfqanıstanı və Hindistanı fəth etmək üçün göndərdiyi ordu türk əfşar və türk qaşqay əşirətlərindən mürəkkəb idi. İçlərində fars ünsürünə mənsub əsgər, demək olar ki yoxdu.
Məhəmmədəli şaha qədər türkmən qacarlar dərbardə və əndərunda türkcə danışırdılar. Müzəffərəddin şaha qədər Təbrizdə məhkəmələr qərarlarını türkcə verirdilər. Orduda komandalar türkcə edilirdi.
Xəzər dənizinin Şərq tərəfindəki türkmənlər, bütün Azərbaycandakı azərilər, şahrunlar, qarabağlılar, qaradağlılar, Həmədan əyalətində bütün qargözlülər, bir tərəfdən Şirazdan Fars dənizinə, digər cəhətdən Bəlucistan hüduduna qədər qaşqayların hamısı, yəni İran əhalisinin yarısından çoxu tamamən və ancaq türkcə danışırdılar.
1909-da İran məşrutiyyəti bu əzim kütləyə qarşı açıq mücadiləyə başlamışdır. Məşrutiyyətin hamisi hesab olunub bir əcnəbi hökumətindən maaş alan və iranlı yeganə fars qəbiləsi olan bəxtiyarilərin 1908-dən bu günə qədərki hər İran kabinetində məqamları olduğu halda onlardan daha böyük və mühüm türk əşirətlərinə məqam verməmişdir.
Bəxtiyarilərin isə fərqləndirici sifəti türk düşmənliyidir. 1909-dan 1913-ə qədər Azərbaycan əhalisi üzərinə hökumət tərəfindən silahlandırılıb göndərilən qüvvətlər bəxtiyarilər ilə yefrenhalı ermənilərdən mütəşəkkildi. Ardıcıl atəşli top və mitralyözlərlə silahlanmış bu qüvvətlər xəyali üsyanları yatırtmaq bəhanəsilə Azərbaycanı məhvü-pərişan etmişlər, yüzlərlə kəndi yandırmışlar, qadın, uşaq minlərlə azərini alçaqcasına mühasirəyə alıb öldürmüşdülər. Bu faciələri gözümlə gördüm.
Türklüyün ən böyük qətliam yerlərindən biri İran məşrutiyyətinin qurbanı biçarə Azərbaycan olmuşdur. İran Azərbaycanının yanında Rus Azərbaycanı cənnət idi. O dərəcədə ki, İran Azərbaycanının heç olmasa Qafqaza ilhaqını əxvəni-şər kimi qəbul edənlər çox idi. İranda türk əleyhdarlığını cəsarətləndirənlər bu xüsusda milliyyətpərvərlik bayrağı altında çalışan farslılar və türk ... bir neçə pədərsüxtə qacarlar xaricdən təşviq və himayə görürdülər. Xalqın cəhaləti buna meydan verirdi. Fəqət hər nə olsa, əksəriyyət hüququna belə malik olmayan türk kütləsi yavaş-yavaş tərəqqi etdikcə arasında milliyyət hissləri oyandıqca, əlbəttə, haqlarını tanıyacaqdı. Buna qarşı ən təcili çarə olaraq irançılar türk ünsürünü qətliam surətilə məhv etməkdən başqa tədbir tapmadılar. Şimalı tədhiş etdikdən sonra növbə cənuba gəldi. İndi də türk ünsürünün ən gözəl nümunələri olan canımız, gözəl qaşqaylara hücum etmək üçün tərtibat alınır. Guya İranda əşirət halında yaşayan, vergi, əsgər verməyən sadəcə onlar qalmış kimi.
Ərəbistan, Loristan, Kürdüstanda əşirətlər gəzib dolaşırlar. Məmləkətlərində oğurluq, talan əskik deyil. Beş karvandan üçünün malları qarət, talan edilir. Nəinki əsgər verirlər, hökumətin göndərdiyi əsgəri də saymırlar. Fəqət bunların hamısı bir tərəfə buraxılaraq iranilər hökumət qüvvətini qaşqay türklərinə yönəldirlər.
Bu qədər ildir ki, heç bir qaşqay üsyanından bəhs edildiyini eşitmədim. Əksinə qaşqaylar zində, cəsur və qüvvətli olmaqla yanaşı kişili-qadınlı olduqca çalışqan, ziraət və sənət əhli zəngin bir qövmdür. Özlərinəməxsus bir tövr və qiyafətləri vardır. Kişiləri və qadınları boylu-buxunlu, yaraşıqlı, ədalı, gözəl gözlüdürlər. Kişilərin qara saçları azərilər kimi uzunca olub yuvarlaq kiçik qalpaqlarının altından daşmaqdadır. Çöllərdə gizliliyə alışmış sərt baxışları və yanıq simalarını ikiyə ayıran uzun bığları üzlərinə ayrı bir ucalıq verir.
Qadınlar üzlərini örtməzlər, kişilərdən qaçmazlar, ata minərlər, yolda at üzərində belə çalışarlar, tikiş tikərlər. Xalılarında rənglərinin ahəngi məşhurdur. Şiraz və İsfahan ticarəti bunlarla dolanır.
Qışda Şirazdan Fars körfəzinə qədər sərilən ətəklərdə yaşayarlar. Yayda isə Abadeyə qədər dağlara çıxarlar. Bu surətlə tutduqları ərazi İranın beşdə birindən çoxdur. Sayları yüz əlli minə yaxındır. 1917-ci ildə onlarla hərb edən general Sayks qaşqayların beş mindən çox süvari döyüşçü çıxaracaqlarını yazmışdı. Hər halda on min silahlı süvari olduğuna qənaətim vardı.
Fəqət silahları təkcə tüfəngdən ibarət olduğundan nə qədər nişançı olsalar da, açıq meydanda müntəzəm, mütəşəkkil bir orduya qarşı müşkülatla müdafiə olunurlar. Fəqət olduqları qayalıq yerlərdə, dağ müharibələrində çox çətin məğlub olurlar. Bununla yanaşı yüz əlli min nəfərlik bir əşirəti bu qədər geniş bir sahədə on min süvarinin mühafizə edə bilməsi çətin olduğundan sağdan, soldan, zəif nöqtələrindən İran qüvvətləri bu dağınıq kütləni vurmaqdadır. İranın dünən şimalında olduğu kimi, bu gün də cənubunda türk qanı axır.
Ənənəvi bir məhv politikasının yeni bir səhifəsinə şahidik.
Bu, bəlkə rəsmən qarışacağımız bir iş deyildir. İranın daxili politikasına müdaxilə etmək istəməyə bilərik. İranın heç bir parçasında gözümüz yoxdur. Fəqət bu vəziyyət qan qardaşlarımızın halına əlaqədar olmaqdan bizi mən etməməlidir.
Beş musəviyə bir hücum olsa, dünya musəviləri ayaqlanır, minlərlə sütun üsyannamələr yazılır. Biz Qərb türkləri yüz minlərlə İran irqdaşlarımızın bu fəci aqibətinə qarşı duyğusuz qala bilərikmi? Biçarə azərilərin və qaşqayların hüququnu xaricdə müdafiə edəcək özlərindən biri çıxmır deyə bizim də susmağımız lazımdır?
Bu babdakı təkziblər, rəsmi təbliğlər qətiyyən qənaətbəxş deyildir. Əlaqədarların imzası ilə belə bəyannamə nəşr edilsə, yenə inanmaram.
Qaşqay qətliamı, əsaslı, geniş bir türk qətliamının bugünkü mərhələsidir. Bütün türk aləminin nəzəri-diqqətinə və riqqətinə dəvət edirəm. Şərqdə İranda və İraqda, Qərbdə Balkanlarda türklük sahəsini kiçiltmək üçün böyük, ciddi tərtibat vardır.
Anadolu türklüyünün bir çəmbər içinə alınmaq təhlükəsinin tədqiqini hökumətimizə buraxaraq mən bu gün din və dövlət məfhumlarından yüksək olan irq məsələsini düşünürəm. Din, təbiyyət dəyişə bilər, qan dəyişməz. Dünya üzərində düşmənlərimiz hər tərəfdə türk qanını qurutmağa çalışırlar.
Məzlum qardaşlarımıza əlimizdən gəldiyi qədər yardım etmək, onları zülmdən qurtarmağa çalışmaq, heç olmasa, çəkdikləri zülmü mədəni aləmə bildirmək Avropa mədəniyyəti ilə təmasda olan Qərb türklərinin müqəddəs vəzifələrindəndir.
“Vakit”, sayı 4162, 12 avqust 1929