27 İyul 09:55
15 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə" adlı layihəyə start verib. Dörd ay davam edəcək layihənin keçirilməsində məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir. Layihə çərçivəsində milli geyimlərimizlə bağlı 10 araşdırma yazı, 6 veriliş hazırlanıb.

İlk verilişimizin qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlidir.

O qeyd edib ki, milli geyimlərdə qadın qarderobunun mühüm hissəsini tumanlar təşkil edir: “Tumanların özü ara və üst tumanlardan ibarət idi. O dövrdə xanımlar ətəklərinin gen görünməsi üçün üst-üstə bir neçə tuman geyinirdilər. Beləcə, qadınlar on ikiyə yaxın tuman geyinə bilirdilər. Ara tuman sadə parçadan, üst tuman isə bahalı, keyfiyyətli parçadan tafta, mahud, məxmərdən tikilirdi. İndi bizim modelyerlər gen təəssüratını yaratmaq üçün karkaslardan istifadə edirlər. Ayıbdır axı. Klassik anlayışa xələl gətirmək, zərbə vurmaq mədəni cinayətdir. Əlbəttə, biz bu cür hallara qarşı mübarizə aparmalıyıq və aparırıq da… İctimai qınaqların sayəsində modelyerlər başa düşdülər ki, milli geyimləri bu formada təqdim etmək olmaz. Xüsusilə xarici ölkələrdə milli geyimlərimizi təbliğ edəndə bu məqama xüsusi diqqət göstərmək lazımdır”.

Günel Seyidəhmədli həmçinin bildirib ki, milliliyimizi gələcəyə ötürmək baxımından improvizasiya labüddür. “Bəzən improvizasiyanı da təhrif hesab edirlər, amma bu, qətiyyən belə deyil. Onsuz da biz milli geyimləri bu gün gündəlik geyimimizdə istifadə etmirik və etməyəcəyik də…Amma biz ən yaxşı halda milli geyim elementlərini qarderobumuza daxil edə bilərik. İmprovizasiya budur. Hazırda qadınların kəlayağıya dönüşünü müşahidə edirik. İnanmıram ki, evində kəlayağısı olmayan qadın tapa bilək. O baxımdan milliliyimizi bu günə gətirmək, onu sabaha ötürmək anlamında improvizasiyanı yüksək qiymətləndirməliyik”. Qadın milli geyimlərinin gözəl, zəngin, rəngarəng, mürəkkəb konstruktiv görünüşə malik olduğunu bildirən sənətşünas bildirib ki, geyimlər gözəllik aşılamaqla yanaşı qarşı tərəfə informasiya da ötürürdü. “Qızlar sadə geyimlərə üstünlük verirdilərsə, evli xanımlar bərbəzəkdən çox istifadə edirdilər. Varlı xanımların geyimi isə tərtibatı və parçasının keyfiyyətindən seçilirdi”.

Daha ətraflı aşağıdakı videoda


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər