Dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz ki, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Cəmiyyətimizin əsasını təşkil edən bu sütunun sarsılmazlığını daimi etmək bizim əlimizdədir, düzgün seçimlərimizdən, fəaliyyətimizdən, davranışlarımızdan asılıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Komitə sədri söyləyib ki, 4 il öncə Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşərək, torpaqlarını işğaldan azad etdi:
"Bu, həm də 30 il ərzində dağıdılmış, təhqir olunmuş məscidlərin, etnik, bəzən də dini mənsubiyyəti dəyişdirilməyə cəhd olunan məbədlərimizin azad edilməsi idi. İşğaldan qurtarılmış ərazilərimizə həyat yenidən qayıdır, dini abidələrimiz öz tarixi simasına qovuşur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. Ağdam Cümə məscidi, Zəngilan məscidi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri bərpadan sonra istifadəyə verilib. Bir neçə şəhər və rayonda məscidlərin tikinti və bərpası, kilsələrin restavrasiyası davam etdirilir. Tarixi zəfəri qazanmağımıza təminat yaradan ən böyük amillərdən biri də məhz milli birliyimizdir. Azərbaycanda yaşayan bütün icmalar, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni taleyi bölüşmüşlər. Uğurlarımızı birgə qazandığımız kimi, problemlərin də öhdəsindən birlikdə gəlmişik. Ölkəmizdə sabitlik və əmin-amanlığın dayanıqlı olmasında son dərəcə mühüm rol oynayan bu amil dövlətimizin gücünə güc qatır, beynəlxalq miqyasda Azərbaycana etimadı daha da yüksəldir".
"Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, tolerantlıq, multikulturalizm, inanclara hörmət bizim həyat tərzimizdir. Yüksək mənəvi keyfiyyətlərə malik xalqımız başqalarının dəyərlərinə, adət-ənənələrinə, irsinə hörmətlə yanaşmağın alternativini sadəcə təsəvvür etmir. Azərbaycanlıların təfəkküründə, tarixi yaddaşında digər xalq və inanclara dözümsüzlük təcrübəsi yoxdur. Bizim üçün etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən faktordur. Biz sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşayırıq. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarını qucaqlayan, təhlükələrdən mühafizə edən güclü dövlətimiz var. Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət- din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır. Bu gün bu salonda bütün etnik və dini icmaların nümayəndələri əyləşiblər. Gördüyümüz mənzərə Azərbaycanda multikulturalizm, tolerantlıq kimi universal prinsiplərə əsaslanan ictimai münasibətlər sisteminin keyfiyyət göstəricisidir", - deyə komitə sədri qeyd edib.
Bakının tarixən müxtəlif dinləri bir araya gətirən tədbirlərə, mədəniyyətlər və dinlərarası dialoqa töhfə verdiyi beynəlxalq platformalara ev sahibliyi etdiyini söyləyən Ramin Məmmədov vurğulayıb:
"Azərbaycan paytaxtında "Bakı Prosesi" adı verilən, mədəniyyətlər arasında dialoqu təşviq edən forumlar keçirilib. Noyabr ayında Bakıda “COP 29” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müsəlman Ağsaqalları Şurası, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Dini Liderlərin Qlobal Sammiti baş tutdu. Lakin dünyada və aid olduğumuz coğrafiyada müşahidə olunan mürəkkəb proseslər daha sayıq və həssas olmağımızı tələb edir. Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq. Təəssüflə qeyd etməliyik ki, bu mürəkkəb tarixi dövrdə din amili bəzən məqsədli şəkildə cəmiyyətləri parçalamaq üçün istifadə edilir. Etiqad anlayışının ictimai təfəkkürə təsir göstərən siyasi texnologiya vasitəsi kimi istifadə edilməsi cəhdləri dinin sosial və mədəni məzmununu təhrif edir. Onun birləşdirici funksiyasına kütləvi şübhə yaratmağa yönəlir. Əsas hədəf belə yanlış təqdimatların yaratdığı təhdidlərə ölkəmizin meydan olmasına imkan verməməkdir. Biz dinlər və mədəniyyətlər arasında dialoqun bəşəriyyətin tarix boyu can atdığı daha yaxşı bir dünya qurmaq arzusuna çatmaq üçün ən yaxşı vasitə olduğuna inanırıq. Yüzillərdir ki, Azərbaycan xalqının bu inancı sabit qalır. Bir ölkənin vətəndaşları dini və etnik mənsubiyyətindən asılı olmayaraq, öz gələcəklərini vahid bir cəmiyyətdən kənarda təsəvvür etmirsə bu, milli həmrəyliyin əlaməti kimi qəbul olunur. Kənar ideoloji müdaxilələrin belə cəmiyyətlərdə parçalanma, qütbləşmə, dini-etnik ədavət yaratmaq perspektivi məhduddur. Azərbaycan, bu mənada ən sabit ölkələrdən biridir. Lakin bu, arxayınlaşmağa, mümkün və ehtimal olunan ideoloji təhdidləri nəzərdən qaçırmağa əsas vermir. Unutmamalıyıq ki, qloballaşma bəzən təhdidlərin də qloballaşması deməkdir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarır, proqnozlaşdırır, zəruri önləyici tədbirlər görür. Din xadimlərinin dövlət qurumları ilə kommunikasiyasının inkişaf etdirilməsi, bu baxımdan son dərəcə zəruridir".