8 Mart 2015 14:17
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, qərara görə, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilsin.

Torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etməlidirlər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, hazırlanan və mövcud ərazi planlaşdırılması sənədlərində bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən edilməsini aidiyyəti üzrə təmin etməlidirlər.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.


Müəllif:

Oxşar xəbərlər