7 Aprel 2015 16:37
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitənin sədri Hadi Rəcəbli bildirdi ki, aktual məsələlərdən biri olan autizm xəstəliyi ilə əlaqədar sənədin hazırlanması cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılması deməkdir. Qeyd olunub ki, bütün dünyada olduğu kimi Azərbaycanda da mənbəyi məlum olmayan bu xəstəlik mövcuddur: “Autizm xəstələrinin sosial müdafiəsi vacib olduğu üçün ölkəmizdə bununla bağlı bir çox layihələr həyata keçirilir”.

Komitə sədri autizm sindromu barədə məlumat verərək deyib ki, daha çox oğlan uşaqlarında qeydə alınan xəstəlik erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə müşayiət olunan neyropsixatrik pozuntudur: “Dünyada narahatlıq doğuracaq sayda bu xəstəlikdən əziyyət çəkən insan var. Azərbaycanda olan autizm xəstələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından Türkiyənin təcrübəsindən faydalanmaq bizim üçün daha əlverişlidir”.

İclasda iştirak edən türkiyəli qonaqlardan Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bu sahədə gördükləri işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, vurğuladı ki, bəzən valideynlər bu xəstəlikdən əziyyət çəkən övladlarını etibar edəcək mərkəz tapa bilmirlər. Ona görə də uşaqlarla yanaşı, valideynlərə də dəstək vermək vacibdir. Bununla bağlı Türkiyədə böyük layihələr reallaşdırılır.

Azərbaycanın baş psixiatrı, ATU-nun psixiatriya kafedrasının müdiri Gəray Gərayzadə bu gün ölkədə sağlamlıq məsələlərinə diqqətin günü-gündən artdığını bəyan etdi. Qeyd olundu ki, autizm ən çox uşaq psixiatriyasına aid olan bir məsələdir. Bu digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət etmir. Çünki, autizm hər hansı bir dərman vasitəsi ilə aradan qalxan xəstəlik deyil. Ona görə də məqsəd bu cür ailələrə daha çox reablitasiya baxımından, psixoloji və pedoqoji köməklik göstərməkdir.

İclasda iştirak edən QHT nümayəndələri, türkiyəli mütəxəssislər, həkim və psixoloqlar bu sahədə mövcud olan kadr probleminə toxundular. Son illərdə Azərbaycanda rezidentura yolu ilə təhsil alan tələbələrin bu sahəyə maraq göstərməsini müsbət hal kimi qiymətləndirdilər.

Nemət


Müəllif: