28 Aprel 2015 17:24
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahəddin Həziyev: “Yazmaq istədiklərim yazdıqlarımdan çoxdur”

İnsan yaşa dolduqca xarakterindən asılı olaraq ya tez-tez, ya da arabir geriyə, həyat yoluna nəzərə salır. Geriyə boylanmaqla heç də özünü ittiham etmir. Əksinə, baxır ki, nə etmişəm, nə edirəm və nə edəcəyəm.
Özü də insan bunu heç də 30-40 yaşlarında deyil, məhz 50 yaşdan, yəni həyatın qəribəliklərini gördükdən sonra edir. Elə müsahibimiz də həyatının 50-ci baharını yaşayan “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevdir.

Haşiyə: Bahəddin Həziyev 28 aprel 1965-ci ildə anadan olub. Milli azadlıq hərəkatıdan jurnalistikaya gələn B.Həziyev “Turan” İnformasiya Agentliyi, “Azadlıq” radiosu, “Azadlıq”, “Çağ”, “Ekspress” qəzetlərində çalışıb. Bəzi nəşrlərin, o cümlədən “Avropa” qəzetinin köşə yazarı olub. 2006-cı ildən “Bizim yol” qəzetinin baş redaktorudur. 2010-cu ilin iyulun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adına layiq görülüb.

- Bahəddin müəllim, 50 yaşınızı qeyd edirsiniz. Geriyə baxanda daha çox nələri görürsünüz?
- 50 yaşdan geriyə baxanda uşaqlıq, gənclik, tələbəlik, həmçinin mübarizə, yaradıcılıq, jurnalistikaya başladığım illərimi görürəm. Bir sözlə hansı yoldan gəlib keçmişiksə, onları görürəm, başqa fərqli bir şey yoxdur.

- Uşaqlığınızı necə xatırlayırsınız?
- 50 yaşım tamam olsa da, uşaqlığımı çox yaxşı xatırlayıram. Uşaqlıq dövrüm kənddə keçib. Çox gözəl parlaq günlər idi.

- Uşaqlığınızda, gəncliyinizdə çəkdiyiniz əziyyətlərin bu gün qazancını görə bilirsinizmi?
- Təbii ki, zəhmət insanın xarakterinə başqa cür təsir edir. Yəni, xarakteri möhkəmləndirir. Bu baxımdan uşaq yaşlarından işləməyimiz, çalışmağımız və müəyyən çətinliklərə düşməyimiz hər bir insan kimi məni də möhkəmləndirdi. Zəhmət insanı öz ayağı üzərində durmağa imkan verir. Atamı vaxtsız itirmişəm. Bu baxımdan çətinliklər yaşamışam. Fikrimcə, insan bundan təəssüf hissi keçirməməlidir. Amma atamızı vaxtsız itirməyimizin verdiyi hissi 50 yaşında da duyuram.

- Uzun illərdir jurnalistika sahəsində çalışırsınız. İndən belə jurnalistikada nələri etmək istərdiniz?
- Peşəkar şəkildə 1990-cı ildən jurnalistika fəaliyyətinə başlamışam. Demək olar ki, jurnalist yaradıcılığımın 25 illiyi tamam olur. Buna qədər də yazılarım dərc olunub, ancaq sırf peşəkar şəkildə jurnalist kimi işləməyim 1990-cı ilə təsadüf edir. Yaşımın 50 ilinin 25 ili jurnalistika ilə bağlıdır. Mənə elə gəlir ki, bu 25 ildə bacardığım qədər nələrisə yazmışam. Təbii ki, yazmaq istədiklərim yazdıqlarımdan çoxdur.

- Nə vaxtsa, kitab yazmaq istərdinizmi?
- Əgər görsəm ki, yazdıqlarım kimin üçünsə maraqlıdır, onda yazmağa dəyər. Ən azından insan gərək özündən sonra nələrsə qoyub getsin. Bu mənada yaşadıqlarımızı, müşahidələrimizi yazmağa ehtiyac yaransın. Amma indi bilmirəm, düşüncələrimi bölüşməyə ehtiyac olacaq, yoxsa yox.

- Kifayət qədər təcrübənizdən çıxış edərək, sizcə, gənc jurnalistlərin yetişməsində daha nələri etmək olar?
- Bununla bağlı öz imkanlarım daxilimdə müəyyən işlər görməyə çalışmışam. Gənc jurnalistləri, xüsusilə tələbələri işə qəbul etmişik. Jurnalistlər var ki, onların yetişməsində müəyyən qədər rolumuz olub. İlk olaraq, işə hardansa başlamaq lazımdır. Zaman keçdikcə, səhvlər olur və bu səhvləri düzəltmək üçün addımlar atırsan. Yəni, gənc jurnalistlərin işə başlaması, öyrənməsi və onun yetişməsi üçün bizim böyük bir məsuliyyətimiz, həm də borcumuz var. İstedadla yanaşı gərək zəhmət çəkəsən. Xüsusilə, bir gəncin jurnalist kimi yetişməsi üçün şərait olmalıdır, ona imkanlar yaradılmalıdır. Bu mənada borcumuzdur ki, bir qəzet rəhbəri olaraq jurnalistlərə dəstək verək. Bacardığımız qədər bunu etməyə çalışırıq. İndi nə qədər alınır, onu deyə bilmərəm.

- 50 illik yubileyinizi necə qeyd edəcəksiniz?
- Yubileyim olmağına baxmayaraq, qəzetin redaksiyasındayam. Hiss edirəm ki, iş yoldaşlarım qeyd etmək üçün nələrsə hazırlayıblar. Yəni, xırda bir çay süfrəsi ətrafında iş yoldaşlarımızla qeyd edəcəyik. Həm də evdə ailəmlə birgə qeyd edəcəyəm. Ad günümü belə təntənəli şəkildə qeyd etməyi həm özüm istəmirəm, həm də buna ehtiyac da duymuram. Çünki 50 yaşı hər kəs yaşayır.

P.S. “Gündəlik Teleqraf” qəzeti olaraq Bahəddin Həziyevi 50 illik yubileyi münasibətilə təbrik edirik!

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər