Mühüm coğrafi məkanda yerləşən və gözəl təbiətə malik olan Azərbaycan turistlərin diqqətini daha çox cəlb edir. Digər ölkələrə səfər edənlər də yolunu məhz bu məkandan salmağa, buranın əsrarəngiz gözəlliklərindən zövq almağa çalışırlar. Velosipedlə Dünya səyahətinə çıxmış türkiyəli turist kimi.
45 yaşlı Türkiyə vətəndaşı, ixtisasca menecer olan Camal Atasoy velosipedlə uzun bir səfərə çıxmaq qərarına gəlib.
Türkiyə və Gürcüstandan sonra indi də Azərbaycanda olan C. Atasoy bundan sonra İran,Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanı gəzib dolaşmaq niyyətindədir.
O, bununla da İpək Yolunu keçməklə türk xalqlarının yaşayışını, adət və ənənələrini əyani şəkildə görmək istəyir.
Bir neçə gün ölkəmizdə olan veloturçu Azərbaycan haqqında təəssüratlarından danışıb: “Türk coğrafiyasına aid əraziləri gəzib dolaşmaq, türk qardaşlarımızın necə yaşadığını görmək və bir xalq olaraq özümüzü, irsimizi daha dərindən öyrənmək istəyirəm. Maraqlı yerlərdən, gözəl məkanlardan fotolar çəkirəm. Bu yerlərin təbiətindən zövq aldım. Burada insanlar mənə çox mehriban yanaşırlar. Çay içməyə, yemək yeməyə dəvət edirlər. Gecələmək üçün yer təklif edənlər də çoxdur”.
Azərbaycana səfərini Zaqataladan başlayan veloturçu ölkəmizdə olduğu 9 günü xoş anlar kimi xatırlayacağını bildirib.
Keçdiyi ərazilərdə mehribanlıqla qarşılandığını deyən Camal Atasoy Orta Asiya səyahətini reallaşdırmaq niyyətində olduğunu bildirib. /Azərtac/