Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, 22 iyul - Milli Mətbuat Günü münasibətilə AzVİF mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirəcək.
Turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, fotoqraf və s.) iştirak edə bilər.
Yarış iyulun 22-də saat 18:00-də Şıx qəsəbəsindəki veloparkda təşkil ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq.
"Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.