Qanun nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu: “Dizayner də məsuliyyət daşıyır, nəşriyyat da”
"Didaktika" Nəşriyyatının çap etdirdiyi “Azərbaycan tarixi” kitabının üz qabığının qırmızı, göy və sarı rənglərlə dizayn edildiyindən Ermənistan bayrağına bənzəməsi sosial şəbəkələrdə hələ də müzakirə mövzusudur.
3 manatlıq vəsait ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və ali məktəblərə hazırlaşanlar üçün TQDK-nın ali məktəblərə qəbul proqramına uyğun məlumat kitabı kimi nəşr edilib.
Təhsil Nazirliyindən bildirilib ki, nazirlik bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib, kitabın dizaynı, forması, məzmunuvə rənginə görə müəllif cavabdehdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından da bildirilib ki, həmin nəşrin TQDK-ya heç bir aidiyyəti yoxdur.
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, kitab nəşr olunarkən rəng seçiminə, şrift və dizayn məsələlərinə kitabın dizayneri məsuliyyət daşıyır ki, burada da nəşriyyat evinin cavabdehliyi də var. O hesab edir ki, fikrincə, kitabda rəng seçimi təsadüf üzündən və məlumatsız dizaynerin məsuliyyətsizliyi üzündən də mümkün ola bilər: “Ola bilər ki, nə müəllif, nə də dizayner Ermənistan bayrağının hansı rəngdə olmasından məlumatsızdır. Bəzən biz məsələni əsas kontekstindən çıxarırıq. Məncə əsas məsələ kitabın dizaynı və rəng seçimi deyil, içindəki məlumatların nə qədər yararlı olmasıdır”.
Nəşr işləri üzrə ictimaiyyət arasında kifayət qədər məlumatlı şəxs kimi tanınan Şahbaz Xuduoğlu “Didaktika” adlı nəşriyyatın olması haqda məlumatsız olduğunu qeyd etdi. “Bəzi hallarda tanınmayan nəşriyyatlara dərslik və dərs vəsiatlərinin çapı həvalə olunur. Məsuliyyət tələb edən bir nəşrin adı ictimaiyyətə tanınmayan bir nəşriyyat evinə həvalə olunması başadüşülən deyil. “Qanun” nəşriyyatının 24 illik peşəkar fəaliyyəti var, hələ indiyədək bir dərslik çapı üçün bizim nəşriyyata müraciət edilməyib. Necə olur ki, adı belə populyar olmayan bir nəşriyyata bu cür məsuliyyətli nəşr həvalə olunub?”
NİGAR