Sevgim Rəhmanov: "Fikrimcə, "Ticarət haqqında" qanun qəbul olunsa, hər şey qaydasına düşər"
"İstehlakçıların maarifləndirilməsinə dəstək" ictimai birliyi yay mövsümündə İsmayıllı, Masallı, Lənkəran, Şamaxı rayonlarında monitorinq keçirib.
Layihənin eksperti Şahin Rəcəb monitorinqin nəticələri ilə bağlı mətbuat konfransında bildirmişdi ki, regiondakı bazarların fəaliyyətində ciddi islahatlara ehtiyac var.
Onun fikrincə, əksər rayonların mərkəzlərində şəhər bazarları müasir standartlara cavab vermir, ucqar bölgələrdə isə bazarların vəziyyəti, ümumiyyətlə, acınacaqlıdır.
Nə keyfiyyət nəzarətdədir, nə xidmət, nə də qiymət
Problemlərdən ətraflı söz açan Şahin Rəcəbli bizimlə söhbətdə bildirdi ki, bazarlarda satışa çıxarılan məhsulun tərkibi, keyfiyyəti haqqında alıcının heç bir məlumatı olmur. "Tanıdığın adamdan mal al" prinsipi ilə alqı-satqı yalnız inama söykənir ki, bu da həmişə tanış satıcının vicdanlı olmasına dəlalət etmir. Bir sözlə, bazarlarda alqı-satqının heç bir hüquqi əsası olmadığına görə bu satış mərkəzlərində ticarət münasibətləri, sözün əsl mənasında, bazara dönüb: "Regionlarda bazarlar sanki XXI əsrə keçməyib. Əsl özbaşınalıqdır. Nə keyfiyyət nəzarətdədir, nə xidmət, nə də qiymət. Bazarların tamamilə yenidən qurulmasına ehtiyac var. Bunun üçün isə sahibkara dəstək lazımdır.
Bazarların rekonstruksiyası üçün birinci infrastruktur, kommunikasiya, sanitar-gigiyena məsələləri müasir standartlara uyğunlaşdırılmalıdır, ikincisi, satış yerləri müasir binalar formasında qurulmalıdır".
Şahin Rəcəb dedi ki, sahibkarlara dəstəklə bağlı Prezidentin tapşırığından sonra bazarlarda özbaşına yoxlamalara son qoyulub. Amma satış mərkəzlərində sanitar-gigiyenik qaydaları nəzarətdə saxlanması mexanizmi mürəkkəbləşib: "Sanitar-Epidemioloji Mərkəzin yerli şöbələri, yaxud digər aidiyyəti dövlət qurumlarının bazarlarda yoxlama həyata keçirməsi üçün Ədliyyə Nazirliyindən müvafiq rəy almalıdırlar. Prosedurun mürəkkəbləşməsi qanuni nəzarətin də tənzimlənməsinə problem yaradır".
Şahin Rəcəbin bildirdi ki, bazarların yenidən rekonstruksiyasının müasir standartlara uyğunlaşdırılması üçün maliyyə vəsaitinə ehtiyac olduğundan bu məsələnin regionların iqtisadi inkişafı ilə bağlı dövlət proqramın əks olunması məqsəduyğundur: "Bazarların inkişafı ilə bağlı tədbirlərin görülməsi bu proqramda çox təəssüf ki, nəzərdə tutulmayıb. Yaxşı olardı növbəti proqram hazırlandıqda bu məsələ orada öz əksini tapsın".
"Ticarət haqqında" qanun olmayınca...
Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov isə Teleqraf.com-a bildirdi ki, təkcə region bazarlarında deyil, paytaxtda, eləcə də, digər iri şəhərlərdəki bazarlarda da islahatlar aparılmalıdır. İlk növbədə isə "Ticarət haqqında qanun" qəbul edilməlidir, bu qanundan çıxış edərək mağazaların, restoranların, kafelərin, bazarların, bir sözlə, harda satış obyekti varsa, orda satış qaydaları müəyyənləşməlidir: "Doğrudur, keçən ilin aprel ayında Nazirlər Kabineti ticarət nizamnaməsi haqqında qaydalar qəbul edib. Amma o qaydalarda da boşluqlar var. Orada bazarların səhmdar cəmiyyətə çevrilməsi, yeni bazarların açılması prosedura təsbit olunmayıb. Söhbət ondan gedir ki, bazar necə açılmalıdır, bazarda hansı fəaliyyət olmalıdır, satıcılara və alıcılara hansı xidmətlər göstərilməlidir? Bunlar ayrı-ayrı qaydalarla yox, bir mərkəzləşmiş qayda ilə tənzimlənməlidir ".
Birlik sədri dedi ki, 1999-cu ildə Ticarət Nazirliyi və digər 5 komitənin ləğvi əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılandan sonra ticarət siyasəti də bu nazirliyə həvalə olunub. Amma hazırda bu nazirliyin nəzdində ticarətin fəaliyyətini tənzimləyən bir departament, seksiya da fəaliyyət göstərmir: "Bütün səlahiyyətlər verilib Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə. Bəs istehsalçıların, satıcıların hüquqularını kim qorumalıdır?
Bu nazirlik İqtisadiyyat və Ticarət Nazirliyi adı altında fəaliyyət göstərsə, yaxud ayrıca Ticarət Nazirliyi yaransa, "Ticarət haqqında" qanun qəbul edilsə, ticarət fəaliyyəti haqqında qaydalar təkmilləşdirilsə, bu problemlər də yaranmaz. Bir milyondan çox insan sırf ticarətlə məşğuldur, 10 milyon insanımız isə bütün qida, geyim tələbatını ticarət yolu ilə əldə edirsə, niyə Ticarət Nazirliyi olmasın?
Demirəm ki, "Ticarət qanunu" olsa, vəziyyət ideallaşacaq, yox, amma qanun, qanundan irəli gələn qaydalar olsa, sahibkar da hüququnu bilər, satıcı da, alıcı da. Məndə olan məlumata görə, 7-8 ildir İqtisadiyyat və Sənaye Nazirliyində bu qanun layihəsi hazırlanıb, amma nədənsə, Milli Məclisə təqdim edilmir".
Qaydasız bazarlar
Qeyd edək ki, bir neçə il öncə paytaxtın Nərimanov rayonu ərazisindəki "Yaşıl bazar" Ticarət Mərkəzində müəyyən kosmetik dəyişiklik edildi, satış mərkəzinin üzəri örtüldü, yeni piştaxtalar quruldu və sair. Satıcılar bu dəyişikliyin onlara baha başa gəlməsindən, hər piştaxtaya görə ödənəcək yerhaqqının artmasından şikayətləndilər.
Sevgim Rəhmanov bildirir ki, hüquqi baza olmadığından satıcılar öz hüquqlarını müdafiə edə bilmirlər: "Ona görə bazar sahibi yerhaqqını artıranda satıcı bilmir hara şikayət etsin... Bazarın sahibkarı istədiyi qiyməti qoyur, buna nəzarət edən bir qurum isə yoxdur".
Ekspert onu da bildirdi ki, bazarların qarşısında avtomobillər üçün dayanacaqlar, satıcıların, alıcıların rahatlığı üçün sahə, yüklərin boşaldılması üçün yerlər, anbarlar, soyuducuların olması qaydalarla tənzimlənməlidir: "Alıcı da bilmir kimə şikayətlənsin, satıcı da. Bazarda satıcıya verilən satış yeri hansı mövsümdə hansı qiymətə olmalıdır, satıcı məhsulu hansı qiymətə satmalıdır? Bütün bunlar müəyyənləşdirilməlidir".
Möhtəkirlər meydan sulayır
Xüsusən yay mövsümündə məhsulların bölgələrdə qalıb zay olmasına diqqət çəkən Sevgim Rəhmanov dedi ki, bazarlara çıxış yalnız möhtəkirlərin əli ilə mümkün olduğundan qiymətlərdə bahalaşma yaranır: "Fermer bazara məhsul çıxara bilmir, zəhməti batır. Tələb olunan qazanc əldə edilə bilmir deyə fermer təsərrüfatı da inkişaf etmir".
Onu da bildirək ki, hazırda bazarların statusu da müəyyən deyil. Bəziləri MMC, bəziləri kiçik ticarət obyekti, firma adı altında fəaliyyət göstərir.
Sevgim Rəhmanov: "Bazarın qarşısında lövhə asıb adı, statusu, fəaliyyət növü, iş rejimi haqqında hər hansı bir məlumat verilmir. Yerindən qalxan deyir bazar sahibiyəm. Bazarlarda satıcıların yuyunması üçün hamamlar olmalıdır, satıcıların sanitar kitabçaları olmalıdır. Xüsusi geyim yox, tərəzi verilmir. Sovetlər dönəmində bunlar bazarlara verilirdi. Bazara 10 kisə məhsul gəlirdisə, 2 kisəsi satışa çıxarılırdı, 8 kisə anbarlarda saxlanırdı. İldə bir dəfə "QOST-standart" tərəfindən tərəzilər yoxlanırdı".
Sevil Hilalqızı