24 Oktyabr 2015 13:15
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən ölkəyə gətirilə bilər.

Eyni zamanda tapşırıq verilib ki, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə" Prezidentin 2011-ci il 3 mart tarixli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumat 1 ay müddətində Azərbaycan Prezidentinə təqdim edilsin.

Nazirlər Kabineti isə normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir.

Öz növbəsində Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat çatdırmalıdır.

İdxal mallarının qiyməti sabitləşəcək

Prezidentin Fərmanına münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, bu Fərmana qədər ölkəyə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azad idi: “Mövcud qaydalar dəyişəndən sonra vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər artırılacaq. Onu da nəzərə almaq lazımdır ki, bu qaydalar aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur.
Bu Fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində “yaşıl kanal”dan istifadə edən vətəndaşların sayını və rahatlığını artıracaq. Bu fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək.

Hesab edirəm ki, Fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək. Odur ki, yeni Fərmanı təqdir edirəm".

“Vətəndaşlara həm də seçim imkanı veriləcək”

İqtisadçı-ekspert Vüqar Bayramov da Prezidentin bu addımını yüksək dəyərləndirir, vətəndaşların məhsulları daha ucuz qiymətə Azərbaycana idxal edəcəyini, rüsum ödəmədikləri üçün bu məhsulların daha ucuz başa gəlməsinə imkan yaranacağını deyir: “Söhbət birmənalı şəkildə vətəndaşların ölkəyə gətirdiyi, istehsal kommersiya məqsədi üçün olmayan və dəyəri 10 min manat və ya ona ekvivalent olan məhsulların rüsumdan azad edilməsindən gedir. Yəni bu o deməkdir ki, vətəndaş hansısa xarici ölkəyə istirahət və ya səfər üçün getdiyində, ordan bazarlıq edirsə və əgər onun bazarlığı şəxsi məqsəd üçün nəzərdə tutulubsa, hər hansı bir məhsulu gətirib satmaq və yaxud həmin məhsuldan digər məhsul istehsal etmək məqsədi daşımırsa, dəyəri 10 min manatdan azdırsa, o zaman həmin mallar müvafiq vergi və rüsumdan azad ediləcək”.

Vüqar Bayramovun sözlərinə görə, fərman vətəndaşlara həm də seçim imkanı verəcək: “Nəzərə alaq ki, əvvəllər malın növündən asılı olaraq, orta hesabla gömrük rüsumu ödənilirdi və rüsumların da orta məbləği 10-15 faiz intervalında dəyişirdi. O məhsulların rüsumdan azad edilməsi vətəndaşa imkan verəcək ki, daha ucuz mal və məhsul əldə edə bilsin.

Məlumdur ki, hazırda qonşu Türkiyə və digər ölkələrə mütəmadi səyahət edən vətəndaşlarımız çoxdur . Bu Fərman imkan verəcək ki, vətəndaşların istədikləri malın qiyməti Azərbaycanda bahadırsa, Türkiyəyə, ya da başqa ölkələrə gedib həmin malın qiyməti 10 min manatdan çox olmadığı halda onu ölkəmizə idxal edə bilsin".

Qiymətlər ucuzlaşacaq

Fərmanın yerli istehlak bazarında qiymətlərin düşməsinə və tənzimlənməsinə təsir göstərəcəyini bildirən Vüqar Bayramov belə bir halın proqnozlaşdırıldığını deyir: “Bu qərarın xüsusən daha çox istehlak olunan malların qiymətinə təsir göstərəcəyi və qiymət azalmalarının baş verəcəyi proqnozlaşdırılır. Çünki alıcının bir qismi artıq özü üçün lazım olan malları xaricdən birbaşa idxal etmək imkanına malik olduğu üçün bu, yerli bazarda qiymətlərə təsir göstərəcək. Yerli satıcılar da qiymətləri aşağı salma məcburiyyətində qalacaq ki, öz bizneslərini davam etdirə bilsinlər”.

Fərman həm birbaşa, həm dolayı vətəndaşların xərclərinin azaldılmasına, onların seçim imkanlarının genişləndirilməsinə, eyni zamanda istehlak bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək.

Ölkəyə rüsumsuz gətiriləcək malların siyahısının Nazirlər Kabineti tərəfindən tərtib ediləcəyini vurğulayan Vüqar Bayramov bu siyahıya daha çox məişətdə, evdə istifadə ediləcək əşyalar, texnika alətləri, mebellər, geyim mallarının salıcağını ehtimal edir.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər