1 Dekabr 2015 13:44
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib

Azərbaycan dünyada bir çox ilklərə imza atmış ölkədir. Cənubi Qafqazda yerləşən, əhalisinə və ərazisinin həcminə və əhalisinin sayına görə dünya ölkələri arasında o qədər də böyük olmayan ölkəmiz son illərdə həm də bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, coğrafi mövqeyinə görə isə Avropa və Asiya arasında yerləşir. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Bu müsbət meyillər müstəqillik illərində daha da güclənib. Ölkəmizin mədəni müxtəlifliyini aydın görmək üçün Azərbaycanın tarixi abidələrinə nəzər salmaq yetər.

Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır.

Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi Azərbaycanın mədəni irsinin tərkib hissəsidir.

Cənab İlham Əliyevin öz ailəsi ilə birlikdə bu ilin aprelində Həcc ziyarətinə getməsi dövlət başçısının İslam dininə verdiyi böyük önəmin bariz nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, İslam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaq.

Paytaxtımız Bakı bu günlərdə İslam həmrəyliyini gücləndirəcək daha bir beynəlxalq tədbirə - ISESCO Baş Konfransının XII sessiyasına sədrlik etdi. Prezident İlham Əliyevin sessiyanın açılış mərasimində dediyi kimi Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Dövlət başçısı əmin olduğunu bildirdi ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün fəal yol oynayacaq.

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib. Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparır. Ən yüksək səviyyədə - prezident səviyyəsində bəyanatlar verilib. Dövlət başçısı da bildirib ki, islamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum, üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilib. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəsidir.

Azərbaycan Fələstinin dəstəklənməsinə də sadiqliyini nümayiş etdirir, ona siyasi dəstək verir və birbaşa yardım göstərir. Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətin İslam dininə, dini dəyərlərimizə verdiyi böyü əhəmiyyətin təzahürləridir.

Səxavət HƏMİD


Müəllif: