Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasının Vyana şəhərində işgüzar səfərdə olub.
Teleqraf.com-un məluamtıan görə, səfər Avropa İttifaqının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avstriyanın aidiyyəti qurumlarının birgə icra etdiyi “Azərbaycanda sosial xidmət təminatının inkişafı” adlı Tvinninq layihəsi çərçivəsində həyata keçirilib. Nümayəndə heyəti səfər çərçivəsində Avstriyanın ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinlə, əmək, sosial iş və istehlakçıların müdafiəsi üzrə naziri Rudolf Hundştorferlə görüşlər keçirib. Görüşlərdə Avstriyanın sosial xidmət sisteminin strukturu, ölkədə dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq formaları, sosial xidmətlərin qanunvericilik bazası barədə məlumatlar verilib. Həmçinin müvafiq fəaliyyət sahəsi üzrə maliyyələşdirmə formalarından, icra mexanizmlərindən, o cümlədən sosial sifariş mexanizmi və keyfiyyət standartlarından bəhs olunub.
Azərbaycan nümayəndə heyəti tərəfindən son illərdə ölkəmizdə həyata keçirilmiş sosial-iqtisadi islahatlar, sosial xidmətin inkişafı sahəsində görülən tədbirlər barədə ətraflı məlumatlar verilib, fikir mübadiləsi aparılıb. Səfər zamanı nümayəndə heyəti həmin ölkədəki Yetkinlik yaşına çatmayan və məsuliyyətə cəlb edilmiş şəxslər üçün penitensiar müəssisədə, Qadın və yetkinlik yaşına çatmayan, məsuliyyətə cəlb edilmiş qızlar üçün penitensiar müəssisədə, Vyana bələdiyyə orqanının uşaq və ailələr üçün sosial xidmət şöbəsində, Vyana Sosial Fondunda, Valideynlər və uşaqlar üçün günərzi qayğı mərkəzində, Ahıllar üçün günərzi qayğı mərkəzində və s. müəssisələrdə olaraq, onların iş təcrübəsi ilə tanış olublar.
Görüşlərdə tərəflər arasında sosial xidmət sahəsində əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.
Naibə QURBANOVA