Bu gün Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, son iki yüz il ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara, soyqırımlarına və repressiyalara məruz qoyulub, amma xalqımızın başına gətirilən faciələrin miqyasını araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra mümkün olub.
Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, 1918-ci il soyqırımları tarixinin araşdırılması rəhbərlik etdiyi institutun prioritet tədqiqat istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin tapşırığı əsasında 2014-cü ildə Prezident Administrasiyası azərbaycanlılara qarşı soyqırımların və deportasiyaların kompleks şəkildə araşdırılması üçün Fəaliyyət Proqramı təsdiq edib. Həmin proqrama əsasən AMEA-nın Rəyasət Heyətində azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası yaradılıb və Akademiya sistemindəki institutlara konkret tapşırıqlar verilib.
Tarix İnstitutunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Son illərdə institutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər. Həmin sənədlər əvvəlcə toplular şəklində çap edilib, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb edilərək ayrı-ayrı regionlar üzrə əsərlər yazılıb və nəşr edilib”.
Yaqub Mahmudov bildirib ki, bu gün təqdimatı keçirilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir: “Əsərin yazılmasında arxiv materialları ilə yanaşı, Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan foto-sənədlərdən də istifadə edilib.
Yaqub Mahmudov qeyd edib ki, hazırda Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları “Memorial Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitab hazırlayırlar.
Sonra Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən söz açıb, soyqırım anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilmiş soyqırımı cinayətlərindən, terror aktlarından, Dağlıq Qarabağdakı terrorçu- separatçı cinayətkarların antiazərbaycan fəaliyyətindən geniş bəhs edib, bu istiqamətdə bir sıra faktları xronoloji ardıcıllıqla təqdimat iştirakçılarının diqqətinə çatdırıb. Xanlar Vəliyev bu istiqamətdə Tarix İnstitutu ilə birgə layihələrin bundan sonra da həyata keçiriləcəyini vurğulayıb.
Sevil HİLALQIZI