12 Aprel 2016 16:23
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir.

Təhsil sahəsində uzun müddət səmərəli fəaliyyəti ilə cəmiyyətdə rəğbət qazanmış bir qurumun ləğvinə ekspertlərin münasibətini öyrəndik.

Gözlənilirdi...

Təhsil eksperti Nadir İsrafilov belə bir addımın atılacağını gözlənilən sayır: “Neçə aylardan bəri test ətrafında dolaşan mülahizələr sonradan TQDK-nın ləğv ediləcəyi barədə ehtimallara çevrilmişdi. Hətta qurumun rəhbəri də belə bir dəyişikliyin baş verə biləcəyini və bunun ölkə rəhbərinin səlahiyyətinə aid olduğunu rəsmən bəyan etmişdi.

Digər tərəfdən ölkədə idarəetmənin rasionallaşdırması və optimallaşdırılması istiqamətində aparılan işlər, ayrı-ayrı nazirliklərin, komitələrin, idarə və təşkilatların ləğv edilməsi və ya birləşdirilməsi təhsil sahəsindən də yan keçə bilməzdi. Bu baxımdan imzalanan Fərmanı məhz bir çoxlarının düşündüyü kimi bilavasitə TQDK-nın və test sisteminin ləğvinə yönəlməsi kimi qəbul etmək deyil, təhsil müəssisələrinə qəbulun beynəlxalq təcrübəyə uyğunlaşdırılması kimi qiymətləndirmək daha doğru olardı.

Çünki burada söhbət təkcə TQDK-dan deyil, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan gedir”.

Təxminən iki əsr bundan qabaq Avropada formalaşmış publik hüquqi şəxs haqqında qanunların bir səmərəli model sayıldığını vurğulayan ekspert qeyd edib ki, 21-ci əsrin əvvələrində keçmiş sovetlər birliyinin bir sıra respublikalarında da qəbul olunub: “Digər hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalara qədər publik hüquqi şəxslərdir.

Nadir İsrafilovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin 7 nəfər üzvdən ibarət, daha geniş səlahiyyətlərə malik Direktorlar Şurası tərəfindən idarə olunması da müsbət haldır: “Fərman əslində mövcud iki dövlət qurumunun bazasında yeni bir qurumun yaradılması anlamına gəlir. İndiyədək bir neçə sahəyə qəbulla bağlı imtahan keçirən, lakin adında tələbə sözü olan TQDK-nın adı öz mahiyyətinə uyğunlaşdırılıb.

Bu da öz növbəsində müəyyən uyğunsuzluqlarla bağlı fikirlərin irəli sürülməsinə səbəb olub. Yeni qurum qəbul edəcəyi qərarları Təhsil Nazirliyi ilə də razılaşdırmış olacaq. Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi (DİM) sadəcə TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir”.

Qazaxıstan variantı

Araşdırmaçı jurnalist Elxan Salahov deyir ki, TQDK-nın və Dövlət Qulluğu Məsələləri Komissiyasının bazasında Dövlət İmtahan Mərkəzinin yaradılması ətrafında uzun illərdir müzakirə gedirdi: “Əslində tələbə qəbulu qaydalarında, imtahanların təşkili formalarında hər hansı dəyişiklik baş verməyib, ciddi dəyişikliyin olacağı da gözlənilmir. Sadədəcə TQDK-nın adı dəyişib, statusu və səlahiyyətləri artırılıb, görəcəyi işlərin dairəsi genişləndirilib.

Üstəlik, bir neçə ilə əvvəllədək olduğu kimi, yenə də dövlət qulluğuna qəbul imtahanları yeni yaradılan Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

Həmçinin bu dövlət qurumunun gördüyü işlərlə adı arasında uyğunluq da yaradılıb və doğru olaraq Dövlət İmtahan Mərkəzi adlandırılıb. Uzun illər Rusiya və Qazaxıstan təcrübəsindən geniş istifadə olunması məsələsi tez-tez gündəmə gətirilirdi.

Sevindirici haldır ki, ölkə rəhbərliyi TQDK və qəbul imtahanlarının təşkili məsələsində Qazaxıstan variantına üstünlük verdi.

Çünki beynəlxalq qiymətləndirmələrin nəticələrinə baxsaq görərik ki, Qazaxıstanda təhsilin səviyyəsi, o cümlədən qəbul imtahanları forma və məzmun baxımından daha üstün mövqeyə malikdir”.

Elxan Salahovun sözlərinə görə, Azərbaycanda qəbul imtahanlarını TQDK, Qazaxıstanda isə Vahid Milli Test Modeli təşkil edir və biliyin qiymətləndirilməsini həyata keçirir: “Amma Vahid Milli Test Modelinin statusu TQDK-nın statusundan daha böyük, səlahiyyətləri daha genişdir. Düşünürəm ki, yeni yaradılan Dövlət İmtahan Mərkəzi məhz Qazaxıstandakı Vahid Milli Test Modelinə daha yaxındır.

Baxmayaraq ki, Rusiyadakı eyni qurumun adı bizdəkinə çox oxşardı – Vahid Dövlət İmtahan Komissiyası. Bununla belə, əsas ad deyil, dəyişikliyin mahiyyətindədir. Hesab edirəm ki, ali məktəblərə tələbə qəbulunda ən ciddi dəyişiklik ali məktəblərə tələbə qəbulunun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasıdır ki, bu da müsbət dəyişiklikdir.

Amma istənilən halda Təhsil Nazirliyi nə imtahanların təşkilinə, nə də forma və məzmununa hər hansı müdaxilə imkanına malik olmayacaq”.

TQDK təcrübəsi itməməlidir

Bəzi vətəndaşların artıq mövcud test sisteminin ləğvini düşündüyünü deyən jurnalistin sözlərinə görə, qəbulda rüşvət və korrupsiyanın olacağını proqnozlaşdırmağa başlayıblar: “Fikrimcə, hökumət özü də şəffaf və rüşvətsiz qurum kimi uzun illər ictimayyətin və dövlətin etimadını qazanmış TQDK-nın təcrübəsini yararsız məhsul kimi kənara atmayacaq. Əksinə, yeni təsis olunan Mərkəzə şərait yaradaılacaq ki, TQDK-nın təcrübəsini bir qədər də möhkəmləndirə və təkmilləşdirə bilsin.

Prezidentin Fərmanını da mövcud sistemin daha da təkmilləşdirilməsinə xidmət edən vacib siyasi qərar kimi qiymətləndirirəm.

Fərmanı xüsusi əhəmiyyət daşıyır. Məncə, TQDK-nın rəhbər vəzifəli şəxslərinin bir çoxu da daxil olmaqla kadr potensialı Dövlət İmtahan Mərkəzində öz işini davam etdirəcək. Hətta böyük ehtimalla TQDK sədri Məleykə Abbaszadənin Direktorlar Şurasında təmsil olunacaq. Onun Direktorlar Şurasının sədri olması da mümkündür.

Amma burada qərarlar kollegial şəkildə qəbul olunduğundan bir şəxsin iradəsindən asılı olmayacaq”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər