Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un məlumatına görə, prosesdə bəlli olub ki, Xalidə İsgəndərovanın vəkili Cavanşir Süleymanov məhkəməyə ərizə təqdim edib. Vəkil ərizədə qeyd edib ki, mayın 31-də keçirilən prosesdən sonra məhkəmə binasının qarşısında Xalidə İsgəndərovanın qızı Əmanə İsgəndərova və Xalidənin qardaşı İlyas İbrahimov mərhum Füzuli İsgəndərovun qohumları tərəfindən təhdid olunublar.
Füzuli İsgəndərovun qohumları kimi təqdim olunan şəxslər həm Əmanə İsgəndərovadan, həm də İlyas İbrahimovdan məhkəmədə ifadələrini dəyişmələrini, Xalidənin əleyhinə ifadə vermələrini tələb ediblər. Əks halda hər iki şahid öldürülməklə hədələnib.
Hakim: “İşə obyektiv baxırıq”
Prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, həmin gün məhkəmənin binasından kənar yerdə tərəflər arasında insident baş verməsi ilə bağlı onlara şikayət məktubu daxil olub: “Bildirmək istəyirəm ki, hadisə məhkəmə zalında baş verməyib, bu səbəbdən məhkəmə bununla bağlı hər hansı qərar qəbul edə bilməz. Məhkəmədən kənar hadisələrlə bağlı polis və prokurorluq orqanlarına müraciət etməyi məsləhət görürük. Müvafiq qurumlar araşdırma aparar və təqsirli bilinən şəxs məsuliyyətə cəlb olunar.
Qaldı ki, cinayətlə bağlı prosesə, məhkəmə cinayət işi üzrə araşdırması aparır. İş obyektiv və hərtərəfli araşdırılır. Təqsirləndirilən şəxsin günahı sübuta yetirilsə, cəza veriləcək, yetirilmədiyi halda bəraət hökmü çıxarılacaq. Həmin hökmdən də tərəflərin şikayət vermək hüququ olacaq. Biz işə obyektiv baxırıq”.
Daha sonra zala şahid qismində mərhumun və təqsirləndirilən şəxsin qızı Bülbül İsgəndərova dəvət edilib. Bülbül bundan əvvəl atasının anası tərəfindən öldürülməsi barədə ifadəsini təkzib edib. O bildirib ki, həmin ifadələri bibisi Cəmilə Süleymanovanın təzyiq və şantajları altında qalaraq verib.
“Bibim məni şantaj etdi”
Bülbül İsgəndərova anasının günahsız olması və onun qətl törətməsi ilə bağlı yalan ifadə verdiyi barədə məhkəməyə ərizə təqdim edib. Hakim həmin ərizəni prosesdə elan edib.
Bülbül İsgəndərova ərizədə qeyd edib ki, bibisinin şantajlarına məruz qalaraq anasının əleyhinə ifadə verməyə məcbur olub. Onun bildirdiyinə görə, fevralın 25-də “Gənclik” metrosunun yaxınında yerləşən ticarət mərkəzində əlavə mal götürdüyü üçün mühafizəçilər tərəfindən saxlanılıb: “Həmin vaxt xalama zəng etsəm də, telefonuma cavab vermədi. Buna görə məcbur qalaraq bibim Cəmilə ilə əlaqə saxladım. Bibim ticarət mərkəzinə gəldi. Orada məni telefon vasitəsi ilə videoya çəkdi və bildirdi ki, atamı anamın öldürdüyünü deyim. Mən də məcbur qalaraq onun dedikləri ilə razışaldım.
Sonra bibim məni öz evlərinə gətirdi. Bibimlə atamın qəbri üstünə getdik. Orada bibim dedi ki, anan Xalidənin axırına çıxacam, sən də mənim dediklərimi təsdiq edəcəksən, yoxsa ticarət mərkəzində artıq malları götürməyinlə bağlı videonu hamıya göstərəcəm, səni biabır edəcəm”.
“Özümü asaram”
Bülbül İsgəndərovanın sözlərinə görə, bibisi anası içəridə olandan sonra bütün mülklərin ona qalacağına inandırıb: “Bibim özünü məsum qadın kimi göstərirdi. Əslində bibim şeytandır. Çünki bibim də bilmir ki, atamın qatili kimdir, günah kimdədir... Anamın günahsız olduğunu başa düşdüm. Buna görə də həqiqəti danışmaq istəyirəm. İstəmirəm ki, anamı günahsız yerə həbsdə qalsın. Bunun əzabi ilə yaşaya bilmərəm, özümü asaram”.
Bülbül İsgəndərovanın sözlərinə görə, babisi həmişə həm anası Xalidənin, həm də bacısı Əmanənin axırına çıxacağını söyləyib: “Bibim deyirdi ki, ananın cəza almasına nail olandan sonra bacın Əmanəni də tutduracam. Onun sözünü demədiyim halda məni də həbsxanaya salmaqla hədələyirdi”.
Hakim şahidin diqqətinə çatdırıb ki, bu barədə ötən məhkəmə iclasındakı ifadəsi zamanı söyləyə bilərdi: “Burada açıq məhkəmə iclası gedir, heç kimə təzyiq göstərilmir. Həqiqəti danışmaq lazımdır. İstintaqı çaşdırdığınız kimi məhkəmənin də çaşdırmağa çalışırsız. Buna görə də hər kəsə düzgün danışmağı məsləhət görürəm”.
“Heç kim ata-ananın yerini verə bilməz”
Bülbül İsgəndərova bildirib ki, 8 ay xalasıgildə qalıb, bu müddətdə atasının qətlə yetirilməsi ilə bağlı məlumatlar toplayıb. Sonra da bibisigildə qalıb, orada da atasının qətli haqda söhbətlərə qulaq asıb: “Amma bibimgildə atamın qətlindən danışılanda məni yanlarına qoymurdular. Buna görə məndə şübhələr yaranmağa başladı. Bibimgildə anladım ki, övlada ata, ana lazımdı. Atam rəhmətə gedib, anam isə həbsxanadadır. Heç kim atanın, ananın yerini verə bilməz. Mən anamla, bacımla yaşamaq istəyirəm”.
“Bibim evimizi satıb”
Bülbül İsgəndərovanın sözlərinə görə, atası hadisədən sonra xəstəxanaya aparılıb: “Orada həkimlər deyiblər ki, yaralı 15-20 dəqiqə olar keçinib. Amma bibim iddia edir ki, həkimlər xəstəxanada atamın 2 saat əvvəl öldüyünü deyiblər. Bibim həmişə deyirdi ki, anam Xalidənin, dayım İlyasın axırına çıxacaq, onların həyatına son qoyacaq. Atam qətlə yetiriləndən sonra evdə qanlar yuyulub. Bunu bibim Cəmilənin əri Mahir, atamın əmisi Tanrıverdi edib. Hadisə baş verən evin arxasında başqa bir evimiz də vardı. Bibim Cəmilə həmin evi satıb, pulunu hara xərcləyib, biz də bilmirik”.
Hakim Bülbül İsgəndərovanın səsləndirdiyi ittihamlara aydınlıq gətirib. O, bildirib ki, Cəmilə Süleymanovanın evi satması ilə bağlı işdə hər hansı sənəd yoxdur. Hakimin sözlərinə görə, məhkəmədə qətl işi araşdırılır: “Evdə qanın yuyulması və silinməsi ilə bağlı ayrıca icraatda iş aparılır. Həmin epizodla bağlı məhkəmə münasibət bildirə bilməz”.
Daha sonra Bülbül İsgəndərova dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. Bülbül İsgəndərova bildirib ki, daha bibisinin şantajlarından qorxmur.
Bundan sonra məhkəmə salonuna şahid Elmira Rəhimova dəvət edilib. Xalidə İsgəndərovanın vəkili Cavanşir Süleymanov bildirib ki, Elmira Rəhimova şahid qismində dindirilə bilməz. Onun sözlərinə görə, şahid Xalidə İsgəndərovanın nümayəndəsi olub və qanunda onun məhkəmə iclasında dindirilməsinə yol vermir.
Dövlət ittihamçısı isə bildirib ki, Elmir Rəhimova ittiham tərəfinin şahididir və dindirilməsini tələb edir. Hakimlər şahidin dindirilməsi barədə qərar qəbul ediblər.
Elmira Rəhimova ifadəsində bildirib ki, Xalidə İsgəndərovanın nümayəndəsi olub, onunla apardığı söhbətlər zamanı Xalidənin qətldə günahkar olduğunu bilib. Bu səbəbdən Xalidənin nümayəndəsi olmaqdan imtina edib.
Daha sonra prosesdə Füzuli İsgəndərovun sevgilisi olmuş İradə Baxışova ifadə verib. O, bildirib ki, Füzuli ilə tanış olub, görüşüblər.
Şahid qeyd edib ki, görüş zamanı Füzuli həyat yoldaşı ilə mübahisəsindən danışıb: “Füzuli Xalidədən boşanmaq istəyirdi. Amma el arasında biabır olmamaq üçün boşanmayıb”.
“Ən çoxu 50 manat verib”
İradə Baxışova qeyd edib ki, Füzuli ilə onun Qara Qarayev prospektindəki evində görüşüb. Qadının sözlərinə görə, Füzuli ona elə də çox pul verməyib: “Mənə paltar alıb, bir də toya gedəndə pul verib. Ən çox verdiyi pul 50 manat olub. Füzulinin məndən əvvəl Ofelya adlı qadınla münasibəti olub. Ofelya rəhmətə gedəndən sonra mənimlə görüşməyə başlayıb. Füzulinin bacısı Cəmilə ilə də mübahisəsi olub. Füzuli deyirdi ki, bacım Cəmiləyə pul vermişəm, ala bilmirəm”.
Daha sonra şahid qismində mərhumun bacısı Cəmilə Süleymanova ifadə verib. O, hadisənin şahidi olmadığını bildirib, qeyd edib ki, ilk günlərdən qətlin Xalidə tərəfindən törədilməsindən şübhələnib.
“Qardaşımla aramda pul mübahisəsi olmayıb”
Şahid qeyd edib ki, Xalidə aqressiv qadındır, həmişə ailədə problemlər yaradıb: “Xalidə kənardan sakit qadın kimi görünür. Əslində elə deyil. Əvvəlki evimizlə qardaşımın evi arasında 3 metr məsafə vardı. Hər gün Xalidə pəncərədən məni söyürdü. Xalidədən həmişə qorxmuşam. Deyirdi ki, Füzulu bir gün mənim əlimdə öləcək”.
Cəmilə Süleymanova daha sonra ifadəsində Bülbülü şantaj etmədiyini, onun yalan danışdığını bildirib. Həmçinin qeyd edib ki, qardaşı ilə arasında pul və yaxud mülk üstündə hər hansı bir problemi olmayıb.
Məhkəmə iclası iyunun 13-də davam edəcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.
Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil qurbanının boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.
Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.
Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş. Onu da əlavə edək ki, Füzuli İsgəndərovun dəyəri 30 milyon manat olan mülkləri var.
Hacı Zeynalov