22 İyun 2016 10:54
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çay evində cinayət hadisəsi törətməkdə təqsirli bilinən Ucar rayon sakini, 1983-cü il təvəllüdlü Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mehdi Mehdiyev ötən ilin dekabrın 19-da Binəqədi rayonu, 7-ci mikrorayon A.Kunanbayev küçəsi, “Union Park” yaşayış massivinin birinci mərtəbəsində yerləşən “Şəhrizad” çay evinin mətbəxində müştəridən gələn yemək sifarişini qəbzsiz verməsinə görə ofisiant Hicran Əliyeva ilə arasında mübahisə baş verib.

Mübahisə zamanı Mehdi Mehdiyev Hicran Əliyevanı döyərək, ona bədən xəsarəti yetirib.

Mehdi Mehdiyev həmin çay evinin işlədənlərdən biri olduğu bildirilir.

Mehdi Mehdiyev Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Mehdi Mehdiyev 2 il müddətinə islah işləri cəzasına məhkum olunub. Həmin hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Mehdi Mehdiyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin Mehdi Mehdiyev apelyasiya şikayəti verərək, barəsində daha yüngül cəzanın çıxarılmasını istəyib. Tərəflərin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər