Şirvan Apelyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Qəbələ rayon sakini, 1967-ci il təvəllüdlü Şahin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ittihama görə, Şahin Hüseynov 8 oktyabr 2014-cü il tarixdə, saat17:50 radələrində idarə etdiyi yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonu ərazisindən keçən 248-ci kilometrliyində yol hərəkəti qaydasını pozub.
O, sürət həddini aşaraq Ceyhun Baxışovun “VAZ-21154” markalı avtomobili ilə toqquşub.
Nəticədə Ceyhun Baxışov, onun sərnişini – Səbuhi Mirzəməmmədov, həyat yoldaşı Mirzəmmədova, azyaşlı övladları Yusif Mirzəməmmədov, Ayşə Mirzəməmmədova vəfat edib.
İstintaq orqanı Şahin Hüseynovu Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şahin Hüseynov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda yekun qərar açıqlayıb. Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilib və Şahin Hüseynovun barəsində yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Şahin Hüseynovun yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması sübuta yetirilməyib. Məhkəmə Şahin Hüseynovun əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlib və onun barəsində bəraət hökmü çıxarılıb.
Şahin Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov