Qobustan həbsxanasında ömürlük cəza çəkən məhkumlar – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov cəzalarının müddətli cəza ilə əvəzlənməsi üçün məhkəməyə müraciət ediblər.
Bu barədə Teleqraf.com-a ömürlük məhkumların vəkili Elçin Sadıqov bildirib.
Vəkil qeyd edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun cəzalarının 20 il müddətinə cəza ilə əvəz edilməsi üçün məhkəməyə ərizə təqdim edib: “Onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini istəmişik. Onlar 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur”.
Elçin Sadıqov bildirib ki, ərizə Qaradağ rayon Məhkəməsində hakim Rəşad Məmmədovun icraatına verilib.
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1994-cü ildə həbs ediliblər. Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunublar. 1997-ci ildə ölkəmizdə ölüm hökmü ləğv edilib və onların cəzaları ömürlük cəza ilə əvəz olunub.
Elçin Əmiraslanov Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin keçmiş komandiri, Arif Kazımov və Səfa Poladov isə OMON üzvü olublar.
Hacı Zeynalov