Bakı Apelyasiya Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vaxtından əvvəl məhkumluğunun üzərindən götürlməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rəsul Cəfərovun üzərindən məhkumluğunun götürülməsi barədə ərizəsi Yasamal rayon Məhkəməsi tərəfindən rədd edilib.
Bundan sonra Rəsul Cəfərov apelyasiya şikayəti verib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Apelyasiya Məhkəməsində, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb.
Bundan sonra Rəsul Cəfərov Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Rəsul Cəfərovun barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib.
Xatırladaq ki, Rəsul Cəfərov Prezident İlham Əliyev bu ilin martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.
Hacı Zeynalov