16 Sentyabr 2016 13:23
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirli bilinən Vəli Əhmədov, Hüseyn Salamov, Elçin Həsənov və Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısının dəyişdiyi elan edilib.

Hakim digər prokurorun məzuniyyətə yollandığını deyib.

Daha sonra təqsirləndirilən şəxslərdən Hüseyn Salamov son sözlə çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Fərid Əmiraslanov da çıxışında günahsız olduğunu deyib, bəraət hökmünün çıxarılmasını tələb edib.

Hakimlər müşavirə otağına yollanıblar. Günün sonunda hökmün elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə prokuror Vəli Əhmədovun 3 il, Fərid Əmiraslanovun 5 il, Hüseyn Salamov və Elçin Həsənovun isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il iyun ayının 11-də, saat 8.30-da, 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.


Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər