Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ruslan Şevçunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 1974-cü il təvəllüdlü Bakı şəhər sakini Ruslan Valeriyeviç Şevçun münaqişə zəminində Pirallahı rayonunda yaşayan 1982-ci il təvəllüdlü Aleksandr Nikolayeviç Qraçovun ürək nahiyəsinə kəsici-deşici alətlə zərbə endirərək öldürüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 42 yaşlı Ruslan Şevçun tutularaq istintaqa təhvil verilib. O, ilkin ifadəsində hadisənin pula görə baş verdiyini bildirib.
Ruslan Şevçin Aleksandr Qraçovun onun 40 manat pulunu oğurladığından şübhələnib. Onların mübahisəsi qızışıb və qətllə nəticələnib.
Məhkəmədə Ruslan Şevçun özünü təqsirli bilib, hadisə zamanı içkili olduğunu bildirib.
Onun sözlərinə görə, Aleksandrla bir yerdə yeyib-içəndə 40 manatı yoxa çıxıb: “Aleksandra dedim ki, pulumu sən götürmüsən. O, boyununa almadı. Ana söyüşü söydüm, yenə pulumu götürdüyünü etiraf etmədi. Mən də buna görə onu bıçaqladım”.
Məhkəmənin növbəti iclası oktyabrın 5-də davam edəcək.
Hacı Zeynalov