13 Oktyabr 2016 15:36
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Nailə Əhmədovaya qarşı Aysel və onun anası Aybəniz Abbasovanın törətdiyi dələduzluq faktından iki il ötür.

Aysel Abbasova barəsində cinayət işi başlansa da, ana cinayət işinə cəlb olunmayıb. Zərərçəkmiş Nailə Əhmədova və onun vəkili Səlahəddin Cəfərov istintaqın gedişindən narazıdırlar.

Nailə Əhmədovanın vəkili Səlahəddin Cəfərov Teleqraf.com-a bildirib ki, Aysel və onun anası Aybəniz tərəfindən Nailə Əhmədovaya qarşı dələduzluq əməlinin törədilməsi barədə hüquq-mühafizə orqanlarına 2 ilə yaxındır müraciət edilib: “Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin işə laqeyd yanaşması və prosessual qaydaları pozması barədə dəfələrlə Nizami rayon prokurorluğuna şikayət olunub.

30 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə haqqında cinayət işi başlanmış Aysel Abdullayeva təqsirləndirilən şəxs kimi tanınıb. Sonradan toplanmış materiallar cinayət işi ilə birlikdə Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinə, Aysel Abdullayevanın digər cinayət işinə biləşdirilməsi üçün göndərilib”.

Vəkilin sözlərinə görə, 18 fevral 2016-cı il tarixdə Nizami rayon Polis İdarəsinin inzibati binasında Aysel Abdullayeva ilə Nailə Əhmədova üzləşdirilib: “Üzləşmə zamanı Aysel Abdullayeva 56 min manat pulu alması barədə Nailə Əhmədovada olan əl yazısının ona məxsus olduğunu etiraf edib”.

Vəkil qeyd edib ki, ümumilikdə Nailə Əhmədovaya dəymiş ziyan 150 min manatdan çoxdur: “Belə ki, 56 min manatı Aysel müxtəlif vaxtlarda Nailə Əhmədovadan aldadaraq alıb. 94 min manat isə Füzuli rayonunda “dördyol” deyilən ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin satın alınması üçün zərərçəkmiş şəxslə bağlanmış kredit müqaviləsi əsasında alınıb.

Həmin 94 min manat zərərçəkmiş şəxsin mənzilinin banka qoyularaq kredit götürməsi nəticəsində əldə edilib. Aysel və anası Aybəniz Nailə Əhmədovanı inandırmağa çalışıblar ki, həmin yanacaq doldurma məntəqəsini alaraq satdıqdan sonra ilk növbədə onun 150 min 600 manat borcu qaytarılacaq, qalan əlavə məbləğ isə aralarında bölüşdürləcək. Beləliklə, zərərçəkmiş evini banka qoymaqla əldə olunmuş vəsaiti Aysel və anası Aybənizə verib”.

Səlahəddin Cəfərov qeyd edib ki, ilk gündən şikayətlərdə Aysellə anası Aybənizin adı qeyd edilib: “Buna baxmayaraq, istintaq orqanı bu məsələyə loyal yanaşıb. Hansı səbəb Ayselin anasının istintaqa cəlbinə mane olur? Nailə Əhmədova tərəfindən verilmiş həm ərizə, həm də ifadədə dəfələrlə həmin şəxslərin birgə iştirakı qeyd olunub”.

Vəkil bildirib ki, istintaqın tam və obyektiv nəticəyə nail olması üçün göstərilən məbləğin hamısına uyğun addım atılmalı, Ayselin anası Aybəniz Abbasova da istintaqa cəlb olunmalıdır: “İstintaqın Aybəniz Abbasovaya qarşı olan münasibəti sanki toxunulmaz şəxs fikri yaratmaqdadır. Səbəb nə ola bilər ki, Aybəniz Abbasova bu günədək istintaqa cəlb edilmir?

Nailə Əhmədova dəfələrlə ifadəsində qeyd edir ki, Ayselin anası Aybəniz mənimlə ünsiyyət qurub, baş vermiş cinayətdə qızı ilə əlbir olub. Nailə Əhmədovada məhz Aybəniz Abbasova inam yaradıb. Ayselin yaşı az olduğu üçün onun vədlərinə, cinayətdə istifadə etdiyi taktikalara heç kim inanmazdı, həmin inam və əminliyi isə kifayət qədər yaşı və təcrübəsi olan Aybəniz Abbasova təmin edə bilərdi. Göründüyü kimi burda qabaqcadan əlbir olan bir qrup şəxsdən söhbət gedir. Nədənsə istintaq həmin hissədə 1 dəfə də nə Aybənizi nə dindirib, nə də Nailə Əhmədovanın bu qədər təkid etməsinə baxmayaraq istintaq hərəkətlərinin dairəsi genişləndirilib...”

Vəkil daha sonra qeyd edib ki, Aybəniz Abbasova barəsində cinayət işinin başlanması üçün Abşeron rayon Polis İdarəsinin müstəntiqi Əsgər Kazımova müraciət edib: “Xahişimiz ondan ibarət olub ki, qeyd etdiyimiz xüsusatlar araşdırılsın, göstərilən xüsusatlar üzrə Aybəniz Abbasova cinayət məsuliyyətinə cəlb olunsun”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər