Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda baş verən qanlı cinayətin iştirakçısı Vüqar Əhmədovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Nəsimi rayonunun “Bülbül” prospektində gecə klublarının birində Xırdalan şəhər sakini Vüqar Əhmədovla Kamran Novruzov mübahisə edib. Gənclərin mübahisəsi sonradan davaya çevrilib. Dava zamanı Vüqar Əhmədov Kamran Novruzova çoxsaylı bıçaq zərbələri vurub.
Kamran Novruzov təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vaxtında ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 22-ci polis bölməsinin əməkdaşları hadisəni törədən Vüqar Əhmədovu həbs edib. O, törətdiyi cinayəti etiraf edib.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vüqar Əhmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov