"Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamova, jurnalistlər Hafiz Babalı, Fərid Mehralızadə və Elnarə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib. Onlar təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını, cinayət işinə xitam verilməsi barədə vəsatətlər veriblər.
Həmçinin vəkillər işdə olan yolverilməz sübutların siyahıdan çıxarılması üçün vəsatət veriblər.
Məhkəmə bütün vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı dekabrın 28-ə təyin olunub.
***
15:58
"Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamova, jurnalistlər Hafiz Babalı, Fərid Mehralızadə və Elnarə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıblar.
Onlar təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasını və vəkilləri ilə yanaşı əyləşdirilməsini istəyiblər. Vəsatət təmin edilib.
Təqsirləndirilən şəxslərin hər biri şüşə qəfəsdən çıxarılıblar və müdafiəçilərinin yanında əyləşdiriliblər.
Hazırda proses davam edir.
***
15:16
"Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamova, jurnalistlər Hafiz Babalı, Fərid Mehralızadə və Elnarə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb. Bu, zalda yerin olmaması ilə izah edilib.
Hazırda proses davam edir.
Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1-, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.