17 Dekabr 16:44
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovla insident yaşayan Xalq artisti Ağadadaş Ağayevin məhkəmə prosesi təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə prosesi 2025-ci il yanvarın 8-nə təyin olunub.

Səbəb olaraq bildirilib ki, Ağadadaş Ağayevin vəkili Asim Abbasov məhkəməyə ərizə göndərib. O, başqa işi olduğu üçün bugünkü iclasa gələ bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər