18 Dekabr 14:00
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin məhkəmədən yayınmaq, məhkəmə iclaslarına gəlməmək ehtimalı var. Vəkil hesab edib ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək fikirləri yoxdur:

"Onların ziyanı ödəmək kimi fikirləri olsaydı, bunu vaxtında etmiş olardılar. Onlar ziyanı ödəməkdən yayınırlar. Azadlıqda qalmaları onların yeni cinayətlər törətməyə imkanlar yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqı aparılan işlərdə Rasim İldırımzadənin adı keçir. Bu da onu deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edir".

Vəkil həmçin qeyd edib ki, təqsirləndirilən şəxslər zərərçəkmişə dəymiş ziyanın böyük bir hissəsini ödəməyib. Vəkil qaldırdığı vəsatətin təmin edilməsini istəyib.

Rasim İldırmzadənin vəkili deyib ki, həbs qətimkan tədbirinin seçilməsinə əsas yoxdur. Onun sözlərinə görə, 85 min manat ödəniş olunub, hazırda 20 min manat da gətiriblər, kimə lazım olsa ödəniş edə bilərlər.

Qoşqar Məmmədovun vəkili də vəsatətin təmin edilməməsini istəyib. Bildirib ki, onlar tərəfindən ödəniş olunub, həbs qətimkan tədbirinin seçilməsinə əsas yoxdur. Vəkil onu da deyib ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd edirlər.

Zaur Mirzəzadənin də vəkili vəsatətin təmin olunmamasını xahiş edib. Zaur Mirzəzadə özü də vəkilin fikirləri ilə razı olduğunu deyib.

Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Rasim İldırımzadənin vəkili Cahangir Şükürov vəsatət verib. Qeyd edib ki, ibtidai araşdırmada qanun pozuntusuna yol verilib, buna görə işin ibtidai istintaqa qaytarılmasını istəyib. Vəkil qeyd edib ki, həm onun özü, həm də müvəkkilin imzaları iş materiallarında saxtalaşdırılıb.

Hakim cinayət işində olan imzanı Rasim İldırımzadəyə göstərib. O da həmin imzanın ona məxsus olmadığını deyib.

Digər vəkil Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən işin ibtidai istintaqa qaytarılmasını istəyib.

Hakim bildirib ki, vəsatətlərə hazırlıq iclasının qərarında münasibət bilidiriləcək.

Hazırlıq iclasının davamı dekabrın 24-də keçiriləcək.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.
Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzaədədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər