Dələduzluqda ittiham olunaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum olunan Rauf Sultanov Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsində bu gündən aclıq akasiyasına başlayıb.
Bu barədə Rauf Sultanov özünün Teleqraf.com-un redaksiyasına göndərdiyi müraciətdə bildirib.
O, qeyd edib ki, aclıq aksiyası keçirməsinə səbəb həbsdə qanunsuz saxlanmasıdır: “Bu günə kimi müdafiə hüquqlarım pozulub. Xəzər rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi işimdə olan saxtakarlığın üzərindən sükutla yan keçib”.
Rauf Sultanov Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb və kasasiya şikayəti verib. Onun sözlərinə görə, işinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə noyabrın 22-də baxılacaq: “Çıxarılacaq qərarın ədalətli olub-olmayacağını bilmirəm. Mətbuat vasitəsi ilə ABŞ-da yaşayan ailə üzvlərimə də müraciət edirəm ki, əgər başıma bir iş gəlsə, günahkar işimə baxan müstəntiq, prokuror və hakimlərdir. Artıq ölümümü göz qarşısına almışam”.
Rauf Sultanov həmçinin prezident İlham Əliyev də müraciət edib: “Cənab prezidentdən işimə ədalətli baxılması müvafiq qurumlara göstəriş verməsini xahiş edirəm”.
İttihama görə, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib.
Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib.
Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib. Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub.
Həmin hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.
Qeyd edək ki, bundan bir müddət əvvəl Rauf Sultanov Xəzər Rayon Məhkəməsində mühakimə olunub və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər qərar elan ediblər.
Rauf Sultanovun barəsində olan hökm ləğv edilib və işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.
Bu dəfə Rauf Sultanovun cinayət işinə Xəzər rayon Məhkəməsində hakim Samir Mayılov araşdırıb. Məhkəmə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.
Prokurorluğun protesti və təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Rauf Sultanov Ali Məhkəməyə müraciət edib.
Hacı Zeynalov