Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Mərdəli Süleymanov müdafiə çıxışı edib.
O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlham Qasımovun digər vəkili isə çıxış üçün məhkəmədən vaxt istəyib. Hakim ona çıxışa hazırlaşmaq üçün vaxt verib.
Proses noyabrın 25-də davam edəcək.
Bundan əvvəlki prosesdə çıxış edən prokuror İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb.
Hacı Zeynalov