Lənkəranda evdən meyitləri tapılan yaşlı ər-arvadın qətlə yetirildiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi şəhərin Şəhidlər xiyabanı-10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Allahverdiyev və 1941-ci il doğumlu həyat yoldaşı Azadə Allahverdiyevanın meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, meyitləri tapılan ər-arvad qətlə yetirilib. Onların qətlə yetirilməsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.
Rəyə əsasən, hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib. İstintaq araşdırması zamanı qətlin bəzi təfərrüatları məlum olub.
Evdən hər hansı əşyanın aparılmayıb. Çox güman ki, evə girən naməlum şəxs və ya şəxslər pul ya qızıl əşyaları tapa bilməyiblər. Evdən heç nə ələ keçirə bilməyən cinayətkar və ya cinayətkarlar ev sahibləri ilə qarşılaşdığı ehtimal olunur. Ev sahibləri tərəfindən tanındıqları üçün onları qətlə yetiriblər.
İstintaq orqanı həmçinin cinayətin törədilməsində intiqam versiyasını da araşdırır. Prokurorluqdan verilən məlumata görə, ahıl ər-arvad evdə tək yaşayıblar. Onların iki övladı olub. Ailəli bir qız və bir oğlu Bakıda yaşayırlar.
Hazırda polis və prokurorluq əməkdaşları cinayəti törədən şəxsi və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görürlər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov