11 Yanvar 2017 17:06
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Uğur Bəşirovun hüquqlarını müdafiə edən vəkil Vüsal Hüseynov çıxış edib.

Vəkil bildirib ki, Uğur Bəşirovun fəaliyyətində cinayət tərkibi yoxdur, çünki yanan binada aparılan təmir işlərinə onun heç bir aidiyyəti olmayıb.

Vəkil qeyd edib ki, 2013-cü ildə işə qəbul olunan vaxtadək “Qlobal Stone” MMC ilə heç bir əlaqəsi olmayıb: “Yəni bina üzləndiyi vaxt Uğur Bəşirov cəmiyyətin direktoru deyildi. Məhkəmə istintaqı zamanı da bunlar sübuta yetirildi. Bu baxımdan mən hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verilməsini xahiş edirəm”.

Ələkbər Əsgərovun vəkili Elvin Səlimov bildirib ki, ittiham aktında konkret Ələkbər Əsgərovun hansı cinayəti törətdiyi ilə bağlı sübutlar yoxdur: “İttiham tərəfi yalnız mülahizə irəli sürür. Məhkəmədə bir nəfər şahid də Ələkbər Əsgərov tərəfindən işə götürüldüyünü demədi. Ələkbər Əsgərovun göstərişi ilə heç bir maliyyə vəsaiti verilməyib. Eyni zamanda hüquqlarını müdafiə etdiyim şəxsin kimlərsə cinayət əlaqəsinə girməsi barədə ittihamlar da absurddur”.


Digər təqsirləndirilən Nizami Orucovun vəkili Pərviz Zamanlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.

Proses yanvarın 17-də davam edəcək.

Keçən prosesdə prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədovun barəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər