Daxili İşlər Nazirliyi Azərbaycanın şəhər, rayon polis idarə və şöbələrində orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.
DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, işçi qəbulu Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla bütün polis idarə və şöbələri üzrə aparılır.
Cəmi 150 vəzifənin (o cümlədən yalnız qadınlar üçün 10 yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi) tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir.
Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası alan (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycanda tanınmış), yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan yalnız subay namizədlər respublikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar.
Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.