27 Fevral 2017 16:13
3 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş, “Texnikabank” ASC-nin “Sumqayıt” filialının müdiri vəzifəsində işləmiş Müsənnif Salahovun epizodu üzrə şahidlər dindirilib.

Məlumat üçün bildirək ki, Müsənnif Salahova 2012-ci ildə MTN əməkdaşları tərəfəfindən həbs edilməsi ilə bağlı hədə-qorxu gəlinib və həbsdən azad edilməsi üçün 600 min manatını alıblar.

Şahid qismində ifadə verən Əlizamin Abbasov bildirib ki, rayonda yaşayır: “2012-cui ilin mart ayının axırlarında Bakıda yaşayan qohumlarımla əlaqə saxladım. Müsənnifin həbs edildiyini eşidib rayondan paytaxtda gəldim. Bakıya gələndən sonra qohumlarla söhbət etdim. Eşitdim ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyevin həbsə alınıb, Müsənnifi də bununla bağlı tutublar. Onun həbsdən azad edilməsi üçün külli miqdarda pul istənilib. Bir qohum kimi mən də kömək göstərdim”.

Şahidin sözlərinə görə, MTN əməkdaşları əvvəlcə Müsənnifin həbsdən azad edilməsi üçün 3 milyon manat tələb ediblər: “Müsənnif danışaraq bunu 600 min manata endirmişdi. Bu pulun tələb edilməsi ilə bağlı Müsənnif iki nəfərin adını çəkirdi. Onlardan biri Vüsal Ələkbərov, digəri Təhsin Ağayevdir (Təhsin Ağayev MTN-nin istintaq baş idarəsinin rəis müavini vəzifəsində çalışıb – H. Z.). Mən onların heç birini görməmişəm, tanımıram”.

Daha sonra prosesdə iş adamı, zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə dinləmə olub.

Akif Qurbanov “AQ İnşaat”, “ABM EV”, “Bərəkət İnşaat” MMC-lər yaradaraq tikinti fəaliyyəti ilə məşğul olub. O, MTN-nin vəzifəli şəxsləri tərəfindən həbs edilməklə hədələnib və 1 milyon manat alıblar.

Şahid qismində ifadə verən Teymur Qurbanov bildirib ki, Akif Qurbanovun kiçik oğludur. 2013-cü ilin yanvar ayında MTN-dən Vüsal Ələkbərov ona zəng edib və MTN-ə gəlməsini istəyib: “MTN-ə getdim və müşayətlə Vüsal Ələkbərovun otağına aparıldım. Orada Vüsal mənə dedi ki, qardaşın Vüqarla (sabiq polis rəisi olub –H. Z.) danışıdıq, amma razılığa gələ bilmədik, buna görə də səni bura çağırdıq.

Soruşdum nə baş verir? Dedi ki, atanla bağlı cinayət işi var, ölkədən gedib, onun təcili geri qayıtması üçün danışıq aparın, bizə 1 milyon manat verməlidir. Soruşdum ki, atam hansi cinayəti törədib, ondan 1 milyon manat tələb edirsiz? Dedim, əgər atam cinayət törədibsə, evimi satım, pulunu ödəyim. Amma atam cinayət törətməyib, mən sizə elə-belə 50 min manat verə bilərəm.

Qardaşım heç onlarla razlaşmırdı, 50 min manatı da vermirdi. Amma mən 50 min manatı verməyi təklif etsəm də, Vüsal Ələkbərov razı olmadı, mənə təzyiq göstərməyə başladı”.

Şahidin sözlərinə görə, MTN-də atasını müxalifətçi olmaqda, Etibar Əliyevlə əlbir olub pul mənimsəməkdə ittiham edirdilər: “Amma atam müxalifətçi olmadığını, həmçinin mənimsəmə hallarına yol vermədiyini deyirdi. Buna görə də atam ölkədən getdi ki, onu həbs etməsinlər. Ölkədən getməsəydi, onu həbs edəcəkdilər. Atam gedəndən sonra onun ölkədən çıxışına-girişinə məhduddiyyət qoyulmuşdu”.

Dövlət ittihamçısı Vüqar Quliyevin suallarını cavablandıran Teymur Qurbanov bildirib ki, MTN-də ondan ifadə və izahat alınmayıb: “Məni MTN-də bir saata yaxın saxladılar, sonra sərbəst buraxdılar”.

Teymur Qurbanov qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyi istintaq baş idarəsinin 2-ci istintaq şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərovu tanımayıb: “MTN-ə çağırılanda Sahib Ələkbərovun qəbulunda olmamışam. Atam sonradan Azərbaycana gəldi. Tələb olunan pulu verdi. Mən pulun verilməsində iştirak etməmişəm və verilən pulu da saymamışam. Buna görə də pulun dəqiq məbləğini bilməmişəm. Eşitdim ki, atam Vüsal Ələkbərova 1 milyon manat verib”.

Şahidin ifadəsi ilə bağlı Vüsal Ələkbərov arayış verib: “Yaxın dostlardan biri bu şahidin qəbul etməyimi xahiş edib. Mən də onu qəbul etmişəm. Amma ona mən şəxsən zəng vurmamışam. Ümumiyyətlə bu şahidlə bağlı dindirilmənin qapalı prosesdə aparılmasını istəyirəm. Çünki bu şahidlə bağlı mənim deyəcəklərim var. Həmin ifadələrin ictimayyətə açıqlanmasını istəmirəm.

Bu şəxs dövlətin mənafeyinə zidd hərəkətlər edib. Bununla bağlı Baş Prokurorluğa müraciət olunmalıdır”.

Daha sonra şahid qismində ifadə verən Münasib Qurbanov bildirib ki, MTN-də qardaşı Akif Qurbanovla bağlı problem yaranıb. Onun sözlərinə görə, qardaşının həbs edilməməsi üçün külli miqdarda pul tələb olunub: “İddia olunurdu ki, guya qardaşım dövlət əleyhinə çıxışlar edib. Belə ittihamlarla qardaşımı şantaj edirdilər.

Qardaşıma təklif etdim ki, istədikləri pulu versin, canını qurtarsın. Tikinti işi ilə qardaşımdan çox mən məşğul olurdum. Əgər qardaşımı tikintidə baş verən qanunsuzluqla bağlı ittiham etsəydilər, birinci məni tutmalı idilər. Amma biz tikintidə qanunsuz hərəkətlərə yol verməmişik. Buna görə də qardaşımı pul almaqdan ötrü şantaj etməyə başlayıblar”.

Münasib Qurbanov qeyd edib ki, 1 milyon manatın toplanmasına köməklik göstərib: “Mən də özümdə olan 300 min manatı verdim. Ümumilikdə toplanan 1 milyon manatı Vüsal Əkləkbərova çatdırıldı”.

Sonra prosesdə MTN-nin 2-ci istintaq şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərov ifadə verib. O, bildirib ki, Milli Təhlükəsizlik Nazirliyində 2014-cü ilədək işləyib, istintaq baş idarəsinin 2-ci istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb: “Vüsal Ələkbərovu nümunəvi, işinin öhdəsindən yaxşı gələn bir rəis kimi tanımışam”.

Sahib Ələkbərov qeyd edib ki, iş adamı Akif Qurbanov onun tərəfindən MTN-ə çağırılmayıb: “Mən Akif Qurbanovu dindirməmişəm. Akif Qurbanovun Vüsal Ələkbərovla arasında olan söhbətlərdən də xəbərim olmayıb. Onun oğlu Teymuru da tanımıram. MTN-də Akif Qurbanovdan və ya onun oğlundan pul tələb edilməsindən xəbərim olmayıb. Akif Qurbanov mənim uzaq qohumum olub.

Onun MTN-ə çağırılması, ondan pul tələb edilməsi barədə mənə bir söz deməyib. Son illər onunla heç görüşməmişik. Mənə bu barədə desəydi belə, onun məsələsini həll etmək səlahiyyətim çatmazdı. Çünki mən MTN-də elə də yüksək vəzifə tutmamışam”.

Sahib Ələkbərov bildirib ki, Akif Qurbanovun oğlu Teymuru MTN-ə çağırmayıb və onu xidməti otağında qəbul etməyib: “Teymur Qurbanovun mənim tərəfimdən çağırılmağı, bu barədə MTN-nin növbətçiliyin qeydiyyat jurnalinda mənim adımın qeyd olunması texniki xəta olub. Buda soyadla bağlıdır. Mənim də soyadım Ələkbərovdur. Hətta soyadımızla bağlı Vüsalla bir-birimizə əmioğlu da deyirdik.

Amma inanmiram ki, Vüsal Ələkbərov Akif Qurbanova qarşı belə hərəkət etsin. MTN-də ləyaqətli, vicdanlı insanlar olub. Onlardan biri də Vüsal Ələkbərovdur. Vüsal Ələkbərovun rüşvət almasına inanmıram, rüşvət aldığını da heç vaxt görməmişəm”.

Sahib Ələkbərovun sözlərinə görə, Akif Qurbanovun dövlət əleyhinə çıxışlar etməsi barədə heç bir məlumatı olmayıb: “Əgər Akif Qurbanovun dövlət əleyhinə çıxışlar etməsi barədə məlumatım olsaydı, onu bir qohumum kimi özüm hüquq-mühafizə orqanlarına təhvil verərdim”.

Sahib Ələkbərov qeyd edib ki, Vüsal Ələkbərov həkim ailəsində anadan olub, həmişə ehtiyac içində yaşayıb: “Mən 2014-cü ilə kimi MTN-də sosial problemi olan işçilərə mənzillərin verilməsi komissiyasının üzvü olmuşam. Vüsal Ələkbərov mənzil alması ilə bağlı növbəyə dayansa da, ona mənzil verilməyib. Vüsal Ələkbərovu sabiq nazir Namiq Abbasov xidmətə qəbul edib. O, davranışına görə, yaxşı işçi olduğuna görə dəfələrlə təltif edilib”.

Proses martın 3-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər