28 Mart 2017 17:29
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrlik etdiyi prosesdə Sahib Quliyev ifadə verib.

Özünü qismən təqsirli bilən Sahib Quliyev bildirib ki, “Bizim Market”lər şəbəkəsinin maliyyə işlərinə nəzarət edərkən vergidən yayınma halları olub: “Şəbəkəyə 10 market daxil olub. Onların aylıq dövriyyəsi 7-8 milyon olsa da, 4 milyon kimi göstərilib. Marketlər şəbəkəsinin bank hesabından 2 milyondan artıq pul götürmüşəm”.

Sahib Quliyev istintaq zamanı 200 min və 60 min dolları geri ödədiyini söyləyib. O bu qədər pulu öz ehtiyacı üçün çıxardığını deyib.

Sahib Quliyev və onun anası Həcər Quliyeva “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq ediblər. İttihama görə, Sahib Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.

Rasim Salmanovun şikayət ərizəsində yazıb ki, Sahib Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində Sahib Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir.

Məlumat üçün bildirək ki, “Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub. Rasim Salmanov iddia edir ki, Sahib Quliyev bundan istifadə edərək külli miqdarda pulu ələ keçirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər