Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslərdən Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib.
Aslan Cahangirov bildirib ki, Dubaydan 95 min manatlıq qızıl alıb: “Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verdim, özüm isə Dubayda qaldım. Elxan Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Natiq Əliyev onu MTN-ə aparıblar.
Daha sonra özüm Bakıya gəldim. Məni də MTN-ə apararaq qaçaqmalçılıqla məşğul olduğumu dedilər və cinayət işi başlamamaq üçün məndən əlavə olaraq 50 min manat tələb etdilər. Həmin tələb olunan pulu onlara verdim”.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov