Şəki Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə, iki nəfərin yaralanmasında təqsirli bilinən 1985-ci il təvəllüdlü Mehman Mustafayevin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 29-da, axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində Zaqatala rayonu Göyəm kənd sakini, 1987-ci il təvəllüdlü İlkin Nuriyevin idarə etdiyi “VAZ 21099” markalı və Şəki rayon sakini, 1985-ci il təvəllüdlü Mehman Mustafayevin sürdüyü “Opel” markalı avtomobillər toqquşub.
İlkin Nuriyevin idarə etdiyi “VAZ 21099” markalı avtomobil toqquşmadan sonra yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Mehman Mustafayevin idarə etdiyi “Opel” markalı avtomobil isə yolun kənarına aşıb.
Baş vermiş qəza nəticəsində VAZ 21099” markalı avtomobilin sürücüsü İlkin Nuriyev hadisə yerində ölüb. İlkin Nuriyevin sərnişini, rayonun Çobankol kənd sakini, 1991-ci il təvəllüdlü Eldar Məmmədov isə qəza nəticəsində aldığı ağır bədən xəsarətlərindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zaman ölüb.
“Opel” markalı avtomobilin sürücüsü Mehman Mustafayev qəza nəticəsində xəsarət almasa da, onun sərnişinləri - Beylaqan rayon sakini, 1990-cı il təvəllüdlü Nəsimi Talıbov və Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Aleksey Klinçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı yol qəzasının törədilməsində Mehman Mustafayev təqsirli bilinib və buna görə də onun barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mehman Mustafayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov